“Tottenhem”, “Vest Hem” və İngiltərə millisinin keçmiş hücumçusu Cermeyn Defo 40 illik yubileyi şərəfinə 100 nəfərin saçını pulsuz kəsdirib. Corner.az xəbər verir ki, sabiq oyunçu bununla bağlı sosial media hesabında belə deyib:
“Salam, uşaqlar, bu, Cermeyndir. Mənim ad günümdür, böyük 4:0! Odur ki, saçlarını kəsdirmək istəyən bütün gənclər, pulqabılarınızı evdə qoyun, yanıma gəlin. İlk 100 saç düzümü mənim üzərimdədir!”
Defo xeyriyyəçilik fəaliyyəti ilə tanınır. 2018-ci ildə o, 2013-cü ildə təsis etdiyi “Jermain Defoe Fondu”nun xidmətlərinə görə OBE mükafatına layiq görülüb.
Defo 2022-ci ilin martında karyerasını bitirib. O, İngiltərə Premyer Liqasında 162 qol vurub. Defo “Vest Hem”, “Tottenhem”, “Portsmut”, “Sanderlend”, “Bornmut”da oynayıb, həmçinin, Şotlandiyada “Reyncers”də və MLS-də “Toronto”da çıxış edib. Keçmiş futbolçu İngiltərə millisinə də çağırılıb və 57 oyun keçirib, 20 qol vurub.