- Xəbər news
- 01:00 22.01.2026
Qarabağ Dirçəliş Fondu bu gün Bakı Ekspo Mərkəzində
işinə başlayan və artıq ikinci dəfə təşkil olunan “Rebuild Karabakh 2022”
sərgisində iştirak edir.
İlk dəfə 2021-ci il 20-22 oktyabr tarixlərində keçirilən və böyük maraqla qarşılanan Azərbaycan Beynəlxalq
“Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2022) sərgisinin
bu il də analoji şəkildə təşkil olunması işğaldan azad edilən
ərazilərin bərpası istiqamətində aparılan işlərə
öz töhfəsini verəcək.
Müxtəlif ölkələrin, şirkətlərin
və dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi sərgi onlar arasında bir
növ ünsiyyət platforması rolunu oynayamaqla yanaşı, yeni əməkdaşlıqların da
əsasını qoyacaq. Eyni zamanda Qarabağın bərpa və quruculuğu istiqamətində
aparılacaq işlərlə yanaşı, Qarabağ həqiqətlərini daha geniş kütləyə çatdırmaq
imkanı da yaradacaq. Uzun illərdir müxtəlif sahələrdə təşkil olunan sərgilərin
nəticələri deməyə əsas verir ki, məhz belə sərgilər aktual müzakirələrin
aparılması, səmərəli əməkdaşlıqların qurulması, hədəf kütləyə mesajın
ötürülməsi, görüşlərin keçirilməsi üçün əlverişli şərait yaradır. Bu sərgi eyni
zamanda Qarabağın bərpası və yenidən qurulması istiqamətində aparılan işlərə
dəstək göstərmək məqsədilə ianə və sərmayələrin cəlb olunması üçün zəmin
yaradacaq.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra
Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Torpaqlarımızın işğaldan azad olunmasından sonra
qarşımızda yeni reallıqlar yarandı, işğal dövründə ərazilərimizə vurulan
zərərin həcmi bariz şəkildə aydın oldu. Vətən müharibəsindəki qələbəmizdən
sonra qarşıya qoyulan məqsəd işğaldan azad edilmiş Qarabağın bərpası və yenidən
qurulmasıdır.
Hazırda ölkə başçısının tapşırığına əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq
işləri aparılır - minlərlə kilometr uzunluğunda yeni yollar çəkilir,
infrastruktur bərpa olunur, yaşayış binaları və müəssisələr tikilir, hava
limanları və dəmir yolları inşa edilir.
İnfrastruktur layihələrinin bir qisminin icrası qısa vaxtda ən yüksək
səviyyədə başa çatıb. Şuşaya çəkilən Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı
istismara verilib. Zəngilan və Laçında yeni hava limanlarının tikintisi isə
sürətlə davam etdirilir.
Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı
düşməndən qurtuluşu deyil, eyni zamanda Azərbaycan xalqının milli kimliyinin nə
qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində isə
həmrəylik, milli qürur, ləyaqət və güc dayanır.
Qeyd edək ki, üç gün davam edəcək və oktyabrın 21-də işini
yekunlaşdıracaq sərgiyə giriş sərbəstdir. Doğma Qarabağımızın bərpası
istiqamətində görülən işlərlə yaxından tanış olmaq, eyni zamanda bu işə öz töhfəsini
vermək istəyən hər kəsi sərgiyə dəvət edirik.
Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!