- Xəbər news
- 21:58 14.03.2026
Qarabağ Dirçəliş
Fondu bu gün Bakı Ekspo Mərkəzində işinə başlayan və artıq ikinci dəfə təşkil
olunan “Rebuild Karabakh 2022” sərgisində üzərində Qarabağın simvolları təsvir olunan “Incredible
Karabakh” “T-shirt” kolleksiyasını təqdim edib.
Heç şübhəsiz, Qarabağ deyiləndə ilk olaraq ağla məhz sadaladığımız
tarixi abidələrimiz və mədəniyyətimizin inciləri gəlir. Çünki biz xalq olaraq tək
Qarabağı deyil, həm də onu bütün dünyaya tanıtdıran möhtəşəm rəmzlərinə dəyər
veririk.
Qarabağın özəlliyini, ona xas mədəniyyət incilərini təşviq etmək niyyəti
ilə hazırlanan “T-shirt” kolleksiyasının üzərində Qarabağın ayrı-ayrı bölgələrinə
xas olan simvollar – Vətən müharibəsində qələbəmizin rəmzinə çevrilən Xarı-bülbül,
möhtəşəm Şuşa və Əsgəran qalaları, məğrurluq və
cəsarətlilik simvolu sayılan Laçın quşu, Kəlbəcərin əzəmətli dağları, şöhrəti dünyaya yayılmış Qarabağ
atı, görkəmli şair və filosofumuz Füzuli, xalqımızın milli sərvəti olan Xudafərin
və Laləzar körpüləri, Zəngilanın məşhur Çinar ağacı, Xankəndinin əsasını qoyan İbrahimxəlil xan, qədim
yaşayış düşərgəsi olan Azıx mağarası kimi rəmzlərimiz təsvir olunub.
Qeyd edək ki, kolleksiya yaxın gələcəkdə Fondla əməkdaşlıq edən şirkət
tərəfindən satışa çıxarılacaq. Satışdan əldə olunan gəlirin bir hissəsi isə
Qarabağ Dirçəliş Fonduna ianə ediləcək və həmin vəsait Qarabağın bərpası və
yenidən qurulması istiqamətində həyata keçirilən layihələrə sərf olunacaq.
Beləliklə, kolleksiyadan məhsul alan hər bir şəxs Qarabağın rəmzini
öz üzərində qürurla daşımaqla yanaşı, Qarabağın bərpasına dəstək vermiş olacaq.