- Xəbər news
- 22:34 14.11.2024
Corner.az-ın məlumatına görə, Azərbaycanın beynəlxalq dərəcəli hakimi Əliyar Ağayev Qol.az-a müsahibə verib.
- Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Surix" (İsveçrə) - "Bayer" (Almaniya) oyununa təyinat almısınız. Təəssüratlarınız necədir?
- Açığı, özüm də gözləyirdim. Çünki UEFA-da 2 turun təyinatları bir yerdə verilir və heç bir hakim ardıcıl 2 oyun idarə edə bilməz. Mən birinci turda "Latsio" - "Apollon" oyununa təyinat aldığım üçün 2-ci turda istirahət etdim. Həmişəki kimi öz məsuliyyətimizi dərk edirik və briqada şəklində ciddi hazırlaşırıq. Çünki hər bir uğurlu oyun yeni təyinat deməkdir.
- Hakimlər üçün nəzərdə tutulmuş birinci kateqoriyadasınız. Bunun son vaxtlar müntəzəm olaraq beynəlxalq oyunlara təyinat almağınıza təsiri varmı?
- Əlbəttə ki, var. Amma mən ikinci kateqoriyada olanda da 6 oyun idarə etmişdim. İstər-istəməz birinci kateqoriyaya düşəndən sonra oyunların səviyyəsi, çətinliyi və məsuliyyəti artır. Bu baxımdan fərq hiss olunur.
- Sizi Çempionlar Liqası və milli səviyyəsində daha vacib oyunlarda nə vaxt görə biləcəyik?
- Dəqiq bilirəm ki, bu mövsüm üçün olmayacaq. Heç gümanım da yoxdur. Çünki birinci kateqoriyaya yeni yüksəlmişəm. UEFA birdən-birə Çempionlar Liqasında mənə təyinat verməz. Amma inanıram ki, gələn mövsüm, ən pis halda 2 ildən sonra qitənin əsas turnirində də oyunlar idarə edə biləcəyəm. O ki qaldı milli səviyyəsində matçlara, seçmə mərhələnin bəzi oyunlarında idarəçilik etmişəm. Ancaq final mərhələsi hələ tezdir. Bunun üçün elit kateqoriyaya yüksəlməlisən. Heç orada olan hakimlərin hamısına final mərhələsinin oyunlarını idarə etmək üçün təyinat vermirlər.
- Azərbaycan çempionatında sürət Avropa futbolundakı kimi deyil. Dünən Topaz Premyer Liqada "Keşlə" - "Zirə" oyunu idarə etmisiniz. 4 gün sonra isə Avroliqada vacib qarşılaşmada ədaləti qoruyacaqsınız. Çempionat qarşılaşmalarından sonra beynəlxalq arenada oyun idarə etməyin nə kimi çətinlikləri olur?
- Açığı, dünənki oyunun kifayət qədər sürətli keçdiyini deyə bilərəm. Kənardan necə göründüyünü bilmirəm, amma Azərbaycan çempionatında da qarşılaşmalar gərgin, sürətli olur. Digər tərəfdən, nəzərə almalıyıq ki, biz beynəlxalq oyunlara Premyer Liqada hazırlaşırıq.
- Sizə görə hansı daha rahatdır: Premyer Liqa, yoxsa avrokubok oyunlarını idarə etmək?
- Əslində heç biri rahat deyil. İstənilən oyun böyük məsuliyyət tələb edir. Ona görə də oyunlara fərq qoymuruq və hər birinə ciddi hazırlaşırıq.