- Xəbər news
- 22:11 05.12.2025
Qarabağ Dirçəliş Fondu 31 dekabr 2021-ci il tarixinə
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış
maliyyə hesabatlarını və müstəqil auditor PwC Azərbaycan-ın müvafiq dövr üçün
apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edir.
Fondun maliyyə hesabatları 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti
haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair
məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin
hərəkəti haqqında hesabatı əhatə edir.
PwC Azərbaycan tərəfindən MHBS-ə uyğun hazırlanan
Qarabağ Dirçəliş Fondunun 2021-ci il 31 dekabr tarixinə verilən maliyyə
hesabatına rəy verilib.
Rəydə qeyd olunub: “Bizim fikrimizcə, hazırkı
maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş
Fondu”nun (“Fond”) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini və həmin
tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks
etdirir”.
Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fonduna 2021-ci il ərzində
ümumilikdə 892,206,306 AZN ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin
bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə
əlavə 9,198,829 AZN maliyyə gəliri əldə edib.
Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixində
Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə PwC Azərbaycan Fondun kənar
auditoru kimi təsdiq olunub.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”nin 4.7.12-ci yarımbəndinə əsasən
Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Fondun
Müşahidə Şurasının əsas vəzifələrindən biridir.
Yuxarıda qeyd olunmuş hesabatlarla fondun rəsmi saytında
Azərbaycan və ingilis dillərində tanış olmaq olar.
Azərbaycan
dilində: https://qdf.gov.az/assets/files/reports/MHBS-2021.pdf
İngilis
dilində: https://qdf.gov.az/assets/files/reports/IFRS-2021.pdf
Qeyd edək ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli
Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, habelə dayanıqlı
iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata
keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb
edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə
ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik
hüquqi şəxsdir.