- Xəbər news
- 22:34 14.11.2024
Ölkəmizdə
keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan
“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri
19-21 oktyabr tarixlərində Bakıda keçirilən Azərbaycan Beynəlxalq
“Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2022) sərgisindən
əldə olunan gəlirin bir qismini - 20323,16 manatı işğaldan azad olunan ərazilərin bərpasına dəstək
olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edib.
Xatırladaq ki, ötən
il 20-22
oktyabr tarixlərində ilk dəfə təşkil
olunan sərgidən əldə
olunan gəlirin 12620 manatı da adıçəkilən şirkətlər tərəfindən Fonda ianə edilib.
“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri tərəfindən
artıq ikinci ildir ki, təşkil olunan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa,
Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2022) sərgisinin Qarabağın bərpasına
və inkişafına verdiyi töhfə olduqca böyükdür.
Müxtəlif ölkələrin, şirkətlərin və
dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi sərgi bir növ ünsiyyət
platforması rolunu oynamaqla yanaşı, yeni əməkdaşlıqların qurulmasında da mühüm
əhəmiyyətə malikdir.
Sərgi Qarabağın bərpa və quruculuğu
istiqamətində görülən işlər, eyni zamanda erməni işğalı nəticəsində işğaldan
azad olunan ərazilərimizə dəyən zərər haqqında daha geniş kütləyə çatdırmaq üçün
də önəmli platformadır.
Qarabağ Dirçəliş Fondu Qarabağın bərpasına
həsr olunan hər iki sərgidə uğurla iştirak edib və növbəti illərdə də sözügedən
sərginin iştirakçıları sırasında yer alacaq.
Qeyd edək
ki, Fond yarandığı gündən etibarən bir çox şirkətlər birlik nümayiş etdirərək
Qarabağda aparılacaq işlərə dəstək göstərmək məqsədilə QDF-ə ianə edib. Bu həmrəyliyin
birbaşa təzahürüdür.
Qarabağ
Dirçəliş Fondu bu mühüm təşəbbüsə görə “Caspian
Event Organisers” və “Iteca Caspian” şirkətlərinə təşəkkür edir və hər kəsi işğaldan azad olunan
ərazilərə dəyən zərərin aradan qaldırılması, bərpası və yenidən qurulması,
habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi
istiqamətində görülən işlərə dəstək olmağa dəvət edir.
Xatırladaq ki, 8 oktyabr 2021-ci il
tarixində Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında əməkdaşlığa
dair “Anlaşma Memorandumu” imzalanıb.
Memorandumu CEO-nun direktoru Fərid Məmmədov
və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Memorandum çərçivəsində hər
iki qurum arasında artıq bir sıra layihələr, təşəbbüslər uğurla icra olunub.