- Xəbər news
- 21:02 20.10.2024
“Ermənistan parlamentində 1988-ci ilə kimi Ermənistan SSR-də yaşamış insanlara sadələşdirilmiş qaydada vətəndaşlıq verilməsi barədə qanunvericilik təşəbbüsü irəli sürülüb. Bu, Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı qaldırılacaq tələblərimizi qabaqlamaq məqsədi daşıyır”.
Corner.az xəbər verir ki, bunu APA-ya
açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.
Əziz Ələkbərli deyib ki, Ermənistan icmanın geri
qayıtmaq hüququnu fərdi müraciətlər müstəvisinə gətirib neytrallaşdırmaq
istəyir: “Əvvəla, qətiyyən inanmıram ki, həmin məsələ 1988-ci ilə kimi Qərbi
Azərbaycanda – Ermənistan SSR-də yaşamış azərbaycanlılara “Ermənistan
Respublikası” vətəndaşlığı verilməsi məqsədi ilə irəli sürülmüş təşəbbüs olsun.
1988-ci ildə soydaşlarımız ata-babalarının min illər boyu yaşamış olduğu doğma
ocaqlarından ermənilər tərəfindən hansı vəhşiliklərlə qovuldular, biz bunun
canlı şahidləriyik. Ermənilərin 1988-ci ilə qədərki son 200 ildə və 1988-ci
ildən sonrakı 34 il ərzində xalqımıza, mədəni irsimizə qarşı törətdiyi
saysız-hesabsız cinayətlərini, vandalizm hərəkətlərini, faşist əməllərini də
yaxşı bilirik. İndi kim isə fikirləşirsə ki, ermənilər dəyişib, insanlaşıb,
deməli, ya erməniləri heç tanımır, ya da növbəti erməni oyununun qurbanıdır.
Yox, əgər doğrudan da ermənilər Ermənistan parlamentində belə bir təşəbbüs
irəli sürüblərsə, əmin olun ki, bu, erməni riyakarlığının növbəti bir
həlqəsidir və ermənilər bu həlqəni keçirməyə boyun axtarışındadırlar. İkincisi,
burada ermənilərin Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların
hüquqlarının bərpa olunması məsələsini onlara fərdi qaydada vətəndaşlıq
verilməsi səviyyəsinə qədər kiçiltmək cəhdi də ola bilər. Halbuki sonuncu
deportasiya zamanı Qərbi Azərbaycandan 300 min nəfərə qədər insan qovulub və
onların Qərbi Azərbaycan İcmasında rayonlar, kəndlər və ailələr üzrə adlı
siyahısı tərtib olunmaqdadır. Biz bu siyahını masa üzərinə qoya bilərik və
Ermənistan parlamenti onlara tarixi bəraət verməklə, həm də onların və onların
varislərinin geriyə - öz ata-baba yurdlarına qayıtmaq hüququnu tanımalı, onlara
və onların varislərinə 34 illik məhrumiyyətlərinə, itirdikləri əmlaka, məruz
qaldıqları maddi və mənəvi zərərə görə təzminat ödəməlidirlər. Həm də təkcə
1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulanlara yox, ilkin mərhələdə həm
də 1948-1953-cü illərdə Ermənistan SSR-dən deportasiya olunanlara, onların
varislərinə də tarixi bəraət verilməli və onların geriyə qayıtmaq hüququ
tanınmalıdır”.
Qərbi Azərbaycan İcmasının sədri qeyd edib ki,
geriyə qayıdanların kompakt şəkildə yaşaması və təhlükəsizliyi üçün onlara
ilkin mərhələdə ermənisiz ərazi ayrılmalıdır ki, bu ərazi indiki halda 1988-ci ilə
qədər Qərbi Azərbaycanlıların sıx yaşadığı Zəngəzur, Dərələyəz, Göyçə mahalları
və Qaraqoyunlu dərəsi ola bilər: “Geriyə qayıdanların fərdi və kollektiv
hüquqları təmin edilməli, onlara Ermənistan dövləti tərəfindən xüsusi
imtiyazlar verilməlidir. Amma əmin olun ki, Ermənistanda çətin ki, bir nəfər
erməni tapmaq mümkün olsun ki, azərbaycanlıların geri qayıtmasını istəsin.
Onların yeganə əlacı Dəmir Yumruqdur”