25 noyabr 2024. Bazar ertəsi

BDU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib


BDU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib

Noyabrın 11-də Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.

Corner.az xəbər verir ki, görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, eləcə də BDU-nun professor-müəllim heyəti və 500-ə yaxın tələbəsi iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işlərindən danışıb. Onun sözlərinə görə, müharibədən sonra bərpa prosesi mürəkkəb bir proses olsa da, Azərbaycan dərhal bərpa və yenidənqurma işlərinə başladı.

Rektor ermənilərin vaxtilə işğal etdikləri ərazilərdə olduqca irimiqyaslı dağıntılar törətdiklərini deyərək, gənclərin bərpa prosesində fəal iştirak etmələrinin vacibliyini qeyd edib.

Sonra ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Rəhman Hacıyev işğaldan azad edilən ərazilərdə ermənilərin törətdikləri dağıntılardan danışaraq işğal nəticəsində ölkəmizə vurulan zərərin miqyasının həddindən artıq böyük olduğunu diqqətə çatdırıb.

İdarə Heyətinin sədri bildirib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər:

“Dövlət başçısının tapşırıqlarına uyğun olaraq hazırda həmin ərazilərdə ciddi bərpa-quruculuq işləri aparılır, yeni yollar, hava limanları tikilir, infrastruktur bərpa olunur. Lakin nəzərə alınmalıdır ki, dağıntıların aradan qaldırılması, yaşayış məntəqələrinin, infrastrukturun bərpası böyük vəsait və müəyyən vaxt tələb edən bir prosesdir.

Tarixə nəzər saldıqda görərik ki, insanların həmrəy olması, səylərin birləşdirilməsi qısa bir zaman kəsiyində qarşıya qoyulan məqsədlərə çatmağa imkan verir. Məsələn, Birinci və İkinci Dünya müharibələri zamanı Avropa şəhərlərinin bir çoxu ciddi dağıntılara məruz qalmış, bəziləri demək olar ki, yer üzündən silinmişdi. Buna baxmayaraq insanlar birləşərək qısa bir zamanda həmin şəhərləri yenidən bərpa etdilər. Onlar bunu həm də ABŞ-ın köməyi ilə etdilər. Azərbaycan isə bütün bu işləri öz gücü, öz imkanları hesabına görür. Buna görə də hər birimiz dövləti dəstəkləməli, həmrəylik nümayiş etdirərək Qarabağın bərpasında yaxından iştirak etməliyik”.

Rəhman Hacıyev işğaldan azad olunan ərazilərdə Fondun dəstəyi ilə həyata keçirilən layihələr barədə də ətraflı məlumat verib.

Qarşıya qoyulan məqsədlərə çatmaq, Qarabağı daha tez bərpa etmək üçün ianəçiliyin təbliğinin vacibliyini qeyd edən İdarə Heyətinin sədri bərpa prosesində tələbələrin, gənclərin rolundan da danışıb:

“Bu günün tələbələri sabahın mütəxəssisləri, iş adamları, investorlarıdır. Onlar mühüm vəzifələr tutmaqla ölkənin sosial-iqtisadi həyatında aktiv iştirak edəcəklər və azad olunan ərazilərin bərpasına öz töhfələrini verəcəklər. Buna görə də Fond olaraq tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsi, onların düşüncə və təkliflərinin öyrənilməsi bizim üçün çox vacibdir”.

Daha sonra çıxış edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Vətən müharibəsindən danışaraq bildirib ki, düşmən üzərində tarixi qələbənin əldə edilməsində əsgər və zabitlərimizlə yanaşı bütün xalqımızın da böyük rolu oldu:

“İşğaldan azad olunan ərazilərdə dağıntıların miqyası çox böyükdür. Təkcə yollar, binalar dağıdılmayıb, hətta ağaclar da kəsilib. Buna baxmayaraq bərpa prosesində bəzi dost ölkələrdən başqa heç kim bizə kömək etmir, Azərbaycan bütün bu işləri öz imkanları, öz resursları hesabına edir. Buna görə də daha güclü olmalı, müharibə zamanı olduğu kimi bərpa prosesində də həmrəylik nümayiş etdirməliyik.

Gənclərlə analoji görüşlərin silsilə şəklində keçirilməsinin vacibliyini qeyd edən Fərhad Məmmədov onların Qarabağın bərpasına öz töhfələrini verəcəklərindən əminliyini ifadə edib.

Çıxışlardan sonra 2 saatdan artıq davam edən görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Tədbir iştirakçıları tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.

Qeyd edək ki, yarandığı gündən indiyədək bir çox təhsil müəssisəsi Qarabağın bərpasına dəstək göstərmək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edib. Bu təhsil müəssisələrindən biri də Bakı Dövlət Universitetidir. Fondla universitet arasında əməkdaşlığın davam etdirilməsi və birgə layihələrin, tədbirlərin təşkil olunması planlaşdırılır.

Onu da bildirək ki, Qarabağ Dirçəliş Fondu gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlərin digər təhsil müəssisələrində də keçirilməsini nəzərdə tutur.





Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir