- Xəbər news
- 22:34 14.11.2024
Noyabrın 25-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin iştirakı
ilə QDF-in donor və tərəfdaşları olan ölkənin aparıcı şirkətlərinin və
ictimaiyyətin nümayəndələri arasında görüş keçirilib.
“İşğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafı və
reinteqrasiyası” mövzusunda təşkil olunan görüşdə Qarabağın bərpa və quruculuq
prosesində biznesin rolu, bu sahədə biznes, cəmiyyət və dövlət strukturları
arasında əməkdaşlığın inkişafı və digər mövzular ətrafında fikir mübadiləsi
aparılıb.
Zəngilan rayonunda Azərbaycan
Respublikasının Prezidentinin xüsusi nümayəndəsi
Vahid Hacıyev işğaldan azad
edilən ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə davam etdirildiyini deyərək
həmin ərazilərdə iri layihələrin həyata keçirildiyini söyləyib:
“İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri,
iri infrastruktur layihələri həyata keçirilir. Bu layihələrdən biri bu
yaxınlarda Zəngilanın işğaldan azad edilməsi günündə cənab Prezident və Türkiyə
Respublikası Prezidenti tərəfindən təntənəli açılış mərəsimi olan Zəngilan Beynəlxalq
Hava Limanıdır. Bu, tək Zəngilan üçün yox, bütün region üçün çox böyük hadisədir.
Məlum olduğu kimi, “Böyük Qayıdış” layihəsi çərçivəsində artıq 326 nəfər
Ağalı kəndinə köçürülüb. Kəndə köçürülən əhali üçün şərait yaradılır, dövlət
qurumları vasitəsilə infrastruktur obyektləri qurulur, müxtəlif layihə və tədbirlər
həyata keçirilir. Onların məşğulluq məsələləri həll edilir. Hazırda Ağalı kəndi
ərazisində kiçik sahibkarların yerləşdirilməsi üzrə işlər görülür.
Bundan başqa Zəngilan rayonu ərazisində dörd su elektrik
stansiyasının tikintisi davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun isə gələn
ilin sonuna kimi tikintisinin yekunlaşacağı gözlənilir”.
Vahid Hacıyev işağldan azad edilən ərazilərdə perspektivdə nəzərdə
tutulan planlar barədə də danışıb:
“Əgər bütün Şərqi Zəngəzur və Qarabağa baxsaq, burada 5 istiqamətdə
layihələrin həyata keçirilməsi mümkündür: mədən-sənaye, kənd təsərrüfatı,
logistika, turizm və “yaşıl enerji”. Zəngilan Azərbaycan iqtisadiyyatına çox
böyük töhfələr verəcək. Həm kənd təsərrüfatı, həm təbii ehtiyatların
mövcudluğu, həm logistika və turizm, həm də “yaşıl enerji”dən söhbət gedir”.
Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman
Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına QDF-in fəaliyyətinin əsas
istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə geniş məlumat
verib.
Rəhman Hacıyev torpaqlarımızın işğaldan azad olunmasından sonra
qarşılaşdığımız mənzərə ilə bağlı danışarkən qeyd edib ki, Müzəffər Ali baş
komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsində
qazandığı qələbə yalnız torpaqlarımızı düşmən işğalından azad etmədi, həm də
ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdı:
“Torpaqların işğaldan azad edilməsi humanitar fəlakətlə
yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük
olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları
tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini, regionun
ekologiyasına böyük zərər vurulduğunu üzə çıxardı. Buna görə də dəyən zərərin nəticələrini
tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək
üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atacağımız addımlar həm dövlətin
bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində
görülən işləri sürətləndirə bilər”.
Daha sonra Rəhman Hacıyev Fondun maliyyə dəstəyi ilə həyata keçirilən
layihələr və PwC şirkəti tərəfindən keçirilən maliyyə auditinin nəticələri
haqqında ətraflı məlumatı görüş iştirakçılarına təqdim etdi.
Çıxışlardan sonra Qarabağın bərpası və yenidən qurulması istiqamətində
görülən işlərə dəstək göstərdiyi üçün “Caspian Event Organisers” şirkətinə
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən “İanə
sertifikatı” təqdim olunub.
Sonra görüş müzakirələrlə davam edib. Müzakirələr zamanı Qarabağın bərpa
və quruculuq prosesində şirkətlərin rolundan danışılıb, səsləndirilən təkliflər
ətrafında fikir mübadiləsi aparılıb.