"Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı dərhal bitirə bilərəm. Amma bu fikirlərin məni təsir altına salmasına imkan vermədim. Təklifi maraqlı və ekzotik hesab etdim". Corner.az xəbər verir ki, bunu "Sabah" klubunda çıxış edən Coy-Lens Mikels "Transfermarkt" portalına açıqlamasında deyib.
29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə keçidini xatırladıb: "Öz-özümə düşündüm ki, peşəkar futbolçu kimi çox az vaxtım var. Niyə cəhd etməyim? Xüsusən də, Konfrans Liqasında iştirak etmək şansım olacaq. O vaxt hələ oteldə yaşayırdım, Bakıda mənzilim yox idi və demək olar ki, heç kim ingiliscə danışmırdı. Almaniya və Niderlandla müqayisə olunmayan məşq şəraitinə də öyrəşməli oldum. Yalnız paytaxtın mərkəzində mənzilə köçəndən, yerli sakinlərlə real təmas qurandan və komandaya uyğunlaşandan sonra hər şey dəyişdi".
Mikels əvvəllər çox vaxtını “playstation" oynamaqla keçirdiyini, indi isə trenajor zalında çox olduğunu və məşqlərə önəm verdiyini söyləyib: "Elə yaşa çatmışam ki, bu dövrdə insan öz hərəkətləri haqda daha çox fikirləşir. Düzgün və sağlam qidalanmaya da önəm verirəm. Ölkə çempionatı fiziki cəhətdən çox güclüdür. Müdafiəçilər klassik “dana dişləyənlərdir”. Burada hər oyunda fiziki cəhətdən çətinlik çəkirsən və bu, iliklərinə qədər işləyir".
Almaniyalı oyunçu Azərbaycan haqqında da danışıb: “Bir milyondan çox əhalisi olan şəhərdə tanınırıq. Televiziya reytinqləri çox yaxşıdır, futbol yüksəlişdədir. Amma istərdim ki, stadiona daha çox azarkeş gəlsin. Ən yaxşı oyunlarda 10 mindən çox tamaşaçı olur, normal matçlara isə cəmi 3000 nəfər gəlir. Ən ucuz biletin qiyməti cəmi 3 avroya bərabər olsa da, insanlar çox vaxt gəlmirlər. Komandalarının uduzacağı ehtimalını düşünərək 3 avro xərcləmək istəmirlər".
Mikels buradakı insanların istiqanlı olduğunu vurğulayıb. "Bakı çox rahat, sakit guşələri olan yaşana bilən şəhərdir. Yalnız yolları çətin olur. Bakıda tıxacsız yaşamaq, demək olar ki, mümkün deyil. Çox ucuz olduğu üçün hər kəs taksidən istifadə edir. Bakıdan məşq meydançasına qədər 15 kilometr üçün az qala dörd avro ödəyirəm. Azərbaycan və kiçik ailəm məni, həqiqətən də, qucaqladı. Bir arzum olsaydı, bütün ailəmə sağlamlıq diləyərdim. İdman baxımından yaxşı vaxt keçirməyə davam etmək istəyirəm. Bu mövsüm beynəlxalq arenaya vəsiqə qazana bilərik".
Qeyd edək ki, Coy-Lens Mikels 2021-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır.