25 noyabr 2024. Bazar ertəsi

ADU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib


ADU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib
Dekabrın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.
Corner.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə baş tutan görüşdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Milli Məclisin deputatı Nigar Arpadarai, eləcə də ADU-nun professor-müəllim heyəti və 300-dən çox tələbəsi iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bildirib ki, ermənilər işğal dövründə torpaqlarımızda böyük dağıntılar törədiblər, şəhər və kəndlərimizi viran qoyublar. Buna görə də Prezident İlham Əliyev tərəfindən Qarabağın bərpası prosesi qarşımızda duran ən vacib, prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
Qarabağın bərpasının ümummilli məsələ olduğunu deyən rektorun sözlərinə görə, bu işdə vətənini sevən hər bir insan iştirak etməlidir.
Sonra ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
İşğal nəticəsində ölkəmizə vurulan zərərin miqyasının həddindən artıq böyük olduğunu diqqətə çatdıran Rəhman Hacıyev ermənilərin Qarabağın ekologiyasına ciddi ziyan vurduqlarını və işğal dövründə təbii sərvətlərimizi amansızcasına talan edərək qanunsuz iqtisadi fəaliyyətlə məşul olduqlarını xüsusi vurğulayıb.
İdarə Heyətinin sədri bildirib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər.
Rəhman Hacıyev işğaldan azad olunan ərazilərdə Fondun dəstəyi ilə həyata keçirilən layihələr barədə də ətraflı məlumat verib.
İnformasiya savaşında tələbələrin və gənclərin rolundan danışan Rəhman Hacıyev Fond olaraq tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsinin bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib:
“Bu günün tələbələri sabahın mütəxəssisləri, iş adamları, investorlarıdır. Onlar mühüm vəzifələr tutmaqla ölkənin sosial-iqtisadi həyatında aktiv iştirak edəcəklər və azad olunan ərazilərin bərpasına öz töhfələrini verəcəklər.
Müharibə başa çatsa da informasiya müharibəsi davam etməkdədir. Qarabağ həqiqətlərinin ana dilimizlə yanaşı, müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasında gənclər, tələbələr daha böyük rol oynaya bilərlər. Buna görə də Fond olaraq tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsi, onların düşüncə və təkliflərinin öyrənilməsi bizim üçün çox vacibdir”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, Qarabağ məsələsi hər bir azərbaycanlı üçün ümummilli, çox vacib bir məsələdir:
“Vətən müharibəsində qalib gəlsək də informasiya müharibəsi davam etməkdədir. Erməni diasporu bu gün də bizə qarşı çox fəal iş aparır. Buna görə də arxayınlaşmamalı, informasiya savaşında daha aktiv olmalıyıq. Xüsusən də gənclər və tələbələr bu işə daha çox töhfə verə bilərlər”.
Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq etmək üçün universitetin tələbələrindən ibarət qrupun yaradılmasını təklif edib və onun bu təklifi tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Çıxışlardan sonra görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Tədbir iştirakçıları tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu daha öncə Bakı Ali Neft Məktəbində (BANM) və Bakı Dövlət Universitetində (BDU) gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib. Analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir