- Xəbər news
- 22:34 14.11.2024
Dekabrın
20-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmanda narkotik
vasitələrlə və steroidlə mübarizəyə həsr olunmuş “Narkotiksiz sağlam həyat, Steroidsiz
təmiz idman” mövzusunda tədbir keçirib.
Corner.az xəbər verir ki, tədbirdə
AMADA ilə yanaşı, Gənclər və İdman Nazirliyinin, Daxili İşlər Nazirliyinin
(DİN), Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının,
Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər.
Tədbirdə
əvvəlcə AMADA-nın hazırladığı narkotik
asılılığı olan şəxslərdən alınan müsahibələrdən ibarət videoçarx nümayiş
olunub.
AMADA-nın direktoru Şəfəq Hüseynli tədbirdə
çıxış edərək həm narkotik, həm də steroid probleminin aktuallığını vurğulayıb,
Agentliyin bu sahədə gördüyü işlərlə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 22 dekabr tarixli Sərəncamı ilə AMADA-nın
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər
üçün Dövlət Proqramı”nın icraçı qurumları siyahısına əlavə edilməsindən sonra
bu istiqamətdə fəaliyyət daha da genişləndirilib. Təkcə bu il antinarkotik təbliğatı
və maarifləndirmə məqsədilə idman federasiyaları, idmançılar və onların köməkçi
heyəti üçün 174 maarifləndirmə seminarı
keçirilib. Maarifləndirmə tədbirləri paytaxtla yanaşı regionları da əhatə edib.
Belə ki, Gənclər
və İdman Nazirliyi və Elm və Təhsil nazirliyi ilə əməkdaşlıq çərçivəsində
Yardımlı, Lerik, Cəlilabad, Masallı, Lənkəran, Astara, Gəncə, Şəmkir, Tovuz,
Göygöl, Yevlax və Goranboy rayonlarında silsilə
maarifləndirmə seminarları keçirilib. Hansı ki, bu tədbirlərdə 1300-dən
artıq idmançı, məşqçi, həkim, və idman müəllimləri iştirak edib.
Ş.Hüseynli bildirib ki, idmanda
narkotik vasitələrdən və steroidlərdən
istifadə dünyada da aktual problemdir. Belə ki, 2017-2022-ci illər
ərzində qeydə alınan bütün dopinq istifadələrinin 63% steroidlər və narkotiklərin
istifadəsi ilə bağlıdır.
Problemin Azərbaycan
üçün nə qədər aktual olduğunu AMADA-nın fəaliyyəti dövründə aşkarladığı
antidopinq qayda pozuntularının statistikası da göstərir. Belə ki, öıkədə aşkarlanan antidopinq qayda
pozuntularının 43 faizi steroidlərin istifadəsi, 13 faizi isə narkotiklərin istifadəsi ilə
bağlıdır.
AMADA-nın direktoru Azərbaycanda bu sahədə
vəziyyəti ətraflı təhlil etmək məqsədilə Agentlik tərəfindən genişmiqyaslı tədqiqat
layihələrinin icra edildiyini vurğulayıb. Daha bir layihə isə bu ilin 7-20
noyabr tarixlərində keçirilib. “Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının istifadəsinin asılılığı olan şəxslər arasında
yayılmasının səviyyəsini və buna münasibətin təhlili üzrə Sorğu” layihəsi
Respublika Narkoloji Mərkəzdə müalicə alan asılılığı olan 195 şəxsin iştirakı ilə keçirilib.
Layihənin nəticələri barədə geniş təqdimatla
çıxış edən Ş. Hüseynli bildirib ki, həmin nəticələr bu istiqamətdə fəaliyyəti
daha da təkmilləşdirməyə, xüsusən maarifləndirmə tədbirlərində prioritetləri müəyyənləşdirməyə
və narkotiklə mübarizə işini daha səmərəli
təşkil etməyə imkan verir.
Daha sonra tədbirdə Səhiyyə Nazirliyi Respublika
Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov, Gənclər və İdman Nazirliyinin
idman şöbəsinin seleksiya üzrə baş mütəxəssisi Selcan Qafarova, Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət
göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Daxili İşlər
Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Nadir Məmmədov və
Dövlət Gömrük Komitəsinin Hüquqpozmalara
qarşı mübarizə şöbəsinin rəisi Toğrul Şahbazov çıxış edib.
Sonda isə mövzu ilə bağlı
jurnalistlərin sualları cavablandırılıb.