Ölkəmizdə avarçəkmənin inkişafı və kütləviliyin artırılması üçün çalışan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bu istiqamətdə növbəti layihəsini gerçəkləşdirir - dekabrın 24-də Xəzər dənizində, Dənizkənarı Bulvarda (Su İdmanı Sarayının yanı) avarçəkmənin ənənələri bərpa ediləcək və rəsmi olaraq məşqlərə başlanılacaq.
Federasiyadan Corner.Az-a verilən məlumata görə, idman ictimaiyyətinin nümayəndələri və rəsmi şəxslərin də iştirak edəcəyi tədbir media nümayəndələri, həmçinin tamaşaçılar üçün açıq təşkil olunacaq. Tədbir saat 10:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanda avarçəkmə ənənələri məhz Xəzər dənizi ilə bağlıdır. Ölkəmizdə avarçəkmə idman növü ilə ötən əsrin 30-cu illərində məhz Bakı bulvarı ərazisində məşğul olunmağa başlanılıb.