25 noyabr 2024. Bazar ertəsi

İdman Nazirliyinin qərəzli və biabırçı seçimi


İdman Nazirliyinin qərəzli və biabırçı seçimi

Həyatda əksər seçimlər subyektiv və mübahisəyə açıqdı. Ələlxüsus da Azərbaycanda ilin sonunda müəyyən bir dövrü əhatə edən “ən yaxşıları” seçə seç prosesi barədə saatlarla müzakirə aparmaq olar. Qısaca desək, hərə yığır başına 15-20 nəfər dost-tanışı və növbəlik prinsipi ilə hər il bir nəfəri “ən yaxşı” “seçirlər”.

Dünən Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala gecəsi keçirib və tədbirdə ilin “ən yaxşıları”nın adlarını açıqlayıb. “Qaliblər”in siyahısına baxarkən bir məqam diqqətdən yayınmadı. “2022-ci ilin idman federasiyası” nominasiyasında sıralama bu cür olub:

1. Azərbaycan Cüdo Federasiyası

2. Azərbaycan Gimnastika Federasiyası

3. Azərbaycan Güləş Federasiyası

Bu 3 federasiyanın hər biri il boyu işinin öhdəsindən lazımınca gəlib və qalib olmağa layiqdi. Maraqlı məqam bu siyahıda AFFA-nın - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının adının olmamasıdı. Mən AFFA-nın ilboyu fövqəl fəaliyyətlə seçilməsini iddia eləmirəm. Yaxud demirəm ki, AFFA mütləq bu siyahıda olmalı idi. Lakin nazirliyin digər seçimlərinə diqqət edək, sonra nə demək istədiyimi anlayacaqsınız.

2022-ci ilin ən yaxşı kişi komandası. Təkcə futbol deyil, bütün idman növlərini əhatə edən bu seçimdə “Qarabağ” FK birinci olub.

2022-ci ilin ən yaxşı məşqçisi - burada da söhbət futboldan yox, bütün idman növlərindən gedir. Qalib “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov olub.

2022-ci ilin hakimi - bütün idman növləri arasında aparılan bu seçimdə qalib FİFA referisi Əliyar Ağayev olub.

2022-ci ilin idman tibb personalında ilk 2 yer gimnastika sahəsində çalışan həkimlərə qismət olsa da, üçüncü yeri futbol həkimi, uzun illər müxtəlif yaş qrupları üzrə milli komandalarımızda, hazırda isə “Səbail”də çalışan Natiq Süleymanov tutub.

2022-ci ilin idman klubu - bura da söhbət tək futboldan getməsə də, “Qarabağ” birinci, “Neftçi” isə üçüncü olub.

İndi həmin seçimi edənlərə sual vermək istərdim. Bu ölkədə futbola cavabdeh qurum hansıdı? AFFA deyil? AFFA-dısa necə ola bilər ki, bu qədər təmsilçisi ən yaxşılar sırasında olan bir federasiya özü ilin ən yaxşıları arasında olmasın? Axı bu, absurddu. Yanlış anlaşılmasın deyə, bir daha təkrar edirəm, mən AFFA-nın ən yaxşılar arasında olmalı olduğunu iddia etmirəm. Amma məhz nazirliyin seçimləri AFFA-nın da ən yaxşılar arasında olmasını labüd edir. Fikrim daha aydın olsun deyə bir misal çəkim. Təsəvvür edin ki, futbol sahəsində ən yaxşıların seçimi aparılır. İlin ən yaxşı baş məşqçisi Qurban Qurbanov, qapıçısı Şahruddin Məhəmmədliyev, müdafiəçisi Bəhlul Mustafazadə, hücumçusu Ramil Şeydayev seçilir. Amma ən yaxşı komanda bütün bu adları çəkilən şəxslərin uğurları üçün çalışdığı “Qarabağ” yox, məsələn, “Neftçi” seçilir. Axı bu, anormaldı.

Dünənki seçim bir daha İdman Nazirliyinin AFFA-ya qarşı qərəzli münasibət bəslədiyinin sübutudur. Və bu, ilk belə hal deyil. Xatırlayırsınızsa, Fərid Qayıbov yeni nazir seçildiyi zaman “Qarabağ” klubu cənab Prezidentin qəbulunda olmuşdu və nə qədər qəribə olsa da, dövlət başçısının futbol klubunu qəbul etdiyi bir görüşdə ölkədə futbola cavabdeh olan qurumun rəhbərlərindən heç kim iştirak etməmişdi. Təbii ki, bu, nazirliyinin “əməyi” idi. Fərid Qayıbov və komandasının AFFA-ya, assosiasiyaya rəhbərliyində yer alanlara qarşı isti münasibət bəsləmədiyi ortadadı. Olimpiya çempionu Fərid Mansurov məhz Fərid Qayıbovun gəlişindən sonra Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırıldı. Görünür, bu seçimdə Mansurovun AFFA İcraiyyə Komitəsində yer almasının “rolu” olub. Təbii ki, hamı hamını sevməyə, bəyənməyə məcbur deyil. Amma ölkədə idmana cavabdeh şəxslərin idmanın şahı sayılan futbola rəhbərlik edənlərə qarşı bu cür qərəzli mövqedə olması yaxşı heç nə vəd etmir...

P.S. Əvvəldə də qeyd etdiyim kimi, bütün seçimlər mübahisəyə açıqdı. Amma bəzi seçimlərin yalnız bir adı var - biabırçılıq. Əslində, İdman Nazirliyin seçim(lər)inin anormal olduğunun ən böyük göstəricisi ilin idman kanalı nominasiyasında İTV-nin birinci, CBC Sport ikinci olmasıdır...

futbolxeber.az

 







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir