- Xəbər news
- 22:11 05.12.2025
“Bir
neçə gün əvvəl Azərbaycan və dünya ictimaiyyəti Prezident İlham Əliyevin
növbəti qətiyyətli addımın şahidi oldu”.
Corner.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat,
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurda
tarixi ədaləti bərpa edən Azərbaycanın bu ədaləti Qarabağ münaqişəsinin təsir
zonasına daxil olan Qərbi Azərbaycan ərazisində də bərpa etmək əzmini Prezident
qəti şəkildə bəyan etdi: "Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət
göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında bu il avqustun 3-də
yaradılıb. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar
şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici
ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir. Bu
strukturlarda 400-dən artıq mütəxəssis, ziyalı, elm adamı toplanıb. İcmanın
sədri, iki sədr müavini, Ağsaqqallar Şurasının sədri, Qadınlar Şurasının sədri,
Ziyalılar Şurasının sədr müavini, Gənclər Birliyinin sədri və sədr müavini,
Nəzarət-Təftiş Komissiyasının sədr müavini millət vəkilləridir. Qərbi
Azərbaycan İcmasının məqsədi erməni terrorizmi nəticəsində son iki əsrdə etnik
mənsubiyyətinə görə indiki Ermənistan ərazisindən deportasiya olunmuş,
nəticədə əsas hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiyyətlərə
məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq
müstəvidə bərpası, etnik azərbaycanlılara qarşı törədilən tarixi cinayətlər
haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri
törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan
Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə
nail olmaqdan ibarətdir. Əsas hədəfimiz qaçqınlarımızın öz dədə-baba ocaqlarına
qayıtmaq hüququnun təmin olunmasıdır. Sabah Dünya Azərbaycanlılarının Həmrəylik
Günüdür. Bu münasibətlə hər kəsi Qərbi Azərbaycan İcması adından təbrik edirəm.
İnanıram ki, 44 günlük müharibədə nümayiş etdirdiyimiz milli həmrəyliyi tarixi
torpaqlarımız uğrunda mübarizədə də nümayiş etdirəcək və yaxın gələcəkdə
Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq.”.