Ötən gün Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna transfer olunan Kriştiano Ronaldonun hələ 2015-ci ildə verdiyi müsahibə yenidən gündəmə gəlib. Corner.az xəbər verir ki, həmin müsahibədə portuqaliyalı hücumçu Yaxın Şərq futboluna, “Barselona”dan Qətərin “Əl Sədd” klubuna keçən yarımmüdafiəçi Xavini ələ salmışdı.
Xavi isə Lionel Messini Ronaldodan daha yaxşı futbolçu olduğunu bildirmişdi. Ronaldo illər öncə müsahibələrindən birində Xavinin keçidini belə şərh etmişdi: “Xavi heç vaxt “Qızıl top”u qazanmayıb və onun fikri məni maraqlandırmır. O, heç kimə lazım olmadığı üçün Qətərə getdi”.
37 yaşlı forvard bir başqa müsahibəsində isə belə deyib: “Mən karyeramı TOP səviyyədə başa vurmaq istəyirəm, ABŞ, Qətər və ya Dubayda deyil”.
Xatırladaq ki, ulduz oyunçu “Əl Nəsr”lə 2 illik müqavilə imzalayıb. Bununla da o, futbol tarixinin ən çox qazanan oyunçusuna çevrilib. Məsələ burasındadır ki, portuqaliyalının yeni klubunda illik gəliri 200 milyon avro təşkil edəcək. O, bunun 75 milyonunu futbolçu kimi, digər 125 milyonunu isə kommersiya haqları və Səudiyyə Ərəbistanının futbol səfiri qismində qazanacaq. Futbol tarixində bu günə qədər heç bir oyunçu şəxsi müqaviləsi əsasında bir ilinə belə yüksək gəlir əldə etməyib.