24 oktyabr 2024. Cümə axşamı

Prius'lardan uzaq durun - Emil Balayev


Prius'lardan uzaq durun - Emil Balayev
“Konkret olaraq kumirim yoxdur. Amma ən bəyəndiyim qapıçı İker Kasilyasdır”. Corner.az xəbər verir ki, bunu Azərbaycan millisinin və “Səbail”in qapıçısı Emil Balayev klubun “İnstagram” səhifəsinə müsahibəsində deyib. 29 yaşlı qolkiper digər tanınmış qapıçılar Petr Çex və Canluici Buffona da böyük hörmət bəslədiyini vurğulayıb.
 
Türkiyənin Antalya şəhərində davam edən hazırlıq prosesini dəyərləndirən Balayev dünəndən məşqlərə başladıqlarını söyləyib:
 
“Komandada ab-hava çox yaxşıdır. Xoş yorğunluq hissi var. Hər şey yüksək-səviyyədədir”.
 
O, “Səbail”də mehriban kollektiv formalaşdığını bildirib:
 
“Konkret bir nəfəri deyə bilmərəm. Fikirləşirəm ki, mənə ən yaxın olanlar Ağabala Ramazanov, Mirabdulla Abbasov və Rahid Əmirquliyevdir”.
 
Balayev, ən texnikalı, qüvvətli zərbələri olan və istedadlı oyunçuların da adlarını açıqlayıb:
 
“Ən texnikalı Ağabala, ən qüvvətli zərbəyə sahib oyunçular Rahid və Mirabdulladır. Ən isteadadlı oyunçu isə qapıçı Sadiq Məmmədzadədir”.
 
Qapıçı “Ən yaddaqalan oyununuz hansıdır” sualına belə cavab verib:
 
“ASCO Arena”da “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdiymiz matç qeyd edərdim. Bu, doğma meydanda ilk qələbəmiz idi. Millidə isə Xorvatiyanı Bakıda 2:1 hesabı ilə yendiyimiz görüşü fərqləndirərdim. Debüt oyunum idi. Əla qarşılaşma alınmışdı”.
 
O, ölkə çempionatında rəqiblərə fərq qoymadıqlarını, bütün komandalarla matçlara ciddi hazırlaşdıqlarını vurğulayıb:
 
“İnanıram ki, hər şey daha yaxşı olacaq. Mövsümün ilk hissəsindəki nəticələrimiz ürəkaçan olmasa da, qış fasiləsindən sonra məsuliyyəti dərk edib daha yaxşı çıxış edəcək və yuxarı pillələrə qalxmağa çalışacağıq”.
 
Motosiklet sürməyi sevdiyini bildirən Balayev sonda sürücülərə də məsləhət verməyi unutmayıb:
 
“Prius”lardan uzaq dursunlar (gülür). Həm də yol-hərəkəti qaydalarına əməl etsinlər. Atalar sözümüz var ki, ehtiyat igidin yaraşığıdır. Düzdür, motosikleti idarə etmək təhlükəlidir. Amma düzgün istifadə etsən, müəyyən limitləri aşmasan, o qədər də qorxulu deyil”.






Xəbər news