- Xəbər news
- 21:58 14.03.2026
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, əməkdar jurnalist Eldar İsmayılovun 75 illik yubileyidir.
Corner.az-ın məlumatına görə, o, 1948-ci il yanvarın 9-da Ağdamda ziyalı ailəsində dünyaya gəlib. Kiçik yaşlardan jurnalistikaya böyük həvəs göstərən İsmayılov 17 yaşından qəzetində fotomüxbir, sonra isə müxbir işləyib.
O, 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub. 1979-cu ildə Azteleradionun Qarabağ və ətraf rayonları üzrə xüsusi müxbiri təyin edilib. Birinci Qarabağ Müharibəsinin veteranıdır.
1995-ci ildən təsisçisi olduğu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidentidir. Rəhbərlik etdiyi qurum 1997-ci ildən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və Avropa İdman Mətbuatı İttifaqının (AIPS EUROPE) ölkəmizdəki yeganə rəsmi tam hüquqlu üzvüdür.
Eldar İsmayılov Azərbaycan mətbuatı tarixində nüfuzlu beynəlxalq media təşkilatının rəhbərliyinə seçilmiş ilk jurnalistdir. O, 2010-cu ildə gizli səsvermə ilə Avropa İdman Mətbuatı İttifaqı İcraiyyə Komitəsinin 12 üzvündən biri seçilmiş, 2017-ci ilədək bu postda olmuşdur. Onun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda dəfələrlə mühüm beynəlxalq media tədbirləri, o cümlədən, 2014-cü ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci Ümumdünya Konqresi keçirilmişdir.
Milli Olimpiya Komitəsinin üzvü olan Eldar İsmayılovun və rəhbərlik etdiyi AİJA-nın xidmətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. MOK-un 20 illik yubileyi münasibətilə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Eldar İsmayılov 2012-ci il noyabrın 5-i cənab Prezidentin sərəncamı ilə Əməkdar Jurnalist adına layiq görülüb.
Corner.Az saytı E.İsmayılovu yubiley günü münasibəti ilə təbrik edir, cansağlığı və fəaliyyətlərində uğurlar arzulayır.