- Xəbər news
- 22:34 14.11.2024
“Azarkeşlər də yeni transfer gözləyirdilər, biz də rəhbərliklə birgə komandanı gücləndirmək istəyirdik. Amma büdcəmizə uyğun oyunçular almağa çalışırıq. İndi belə bir şans düşdü və onu heyətimizə qatdıq”. Corner.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.
O, dünən transfer edilən moldovalı futbolçu Denis Marandiçin keçidini şərh edib: “Denisi yay transfer dönəmindən izləyirdim. Moldova yığmasının oyunçusudur. Onu hələ o vaxt heyətə qatmaq istəmişdik. Amma yayda alınmadı, nəticədə Bosniya və Herseqovina klubuna transfer olundu. Bildiyimə görə, orada az oyun şansı qazanırdı. Düzdür, tam hazır deyil, amma bacarığına inanıram. Sevindirici məqam o oldu ki, cəmi bir məşq etməsinə baxmayaraq, bu gün qol vurdu. Komandaya uyğunlaşması xoşumuza gəldi ki, tez bir zamanda kollektivlə dil tapa bildi. Yəqin ki, bu, onun üçün böyük motivasiya olacaq. Qarşıda görüləsi iş çoxdur. İnanıram ki, Denis “Turan Tovuz”a kömək edəcək və digər futbolçularla rəqabət apara biləcək”.
Abbasov komandaya yeni hücumçu almaq istədiklərini açıqlayıb: “İmeda Aşortiya ilə yollarımızı ayırdıq. Dərhal da onun yerinə başqa bir futbolçu tapdıq. Qarşıda da yenə imkan olsa, hücum xəttinə bir futbolçu transfer etmək istəyirik. Çünki ehtiyat qüvvəmiz yoxdur. Alınmasa da, futbolçularımızı elə bu heyətlə qalan oyunlara kökləməyə çalışacağıq”.