Futbol üzrə İspaniya La Liqasının 16-cı turu çərçivəsində Madriddə baş tutan "Atletiko" - "Barselona (0:1) matçında türkiyəli futbolçu Arda Turan qonaq qismində iştirak edib. Corner.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi tərəfindən dəvət alan Arda xüsusi mükafata layiq görülüb.
İspaniyada həm "Atletiko"nun, həm də "Barselona"nın şərəfini qorumuş 35 yaşlı türk futbolçu "Instagram" səhifəsində səfər təəssüratlarını bölüşüb:
"Barselona"ya keçəndən sonra Madridə yalnız səfər oyunları üçün getdim.
"Atletiko" mənim evimdi. Uzaqda olsaq da, heç vaxt ayrılmadıq. Bir gün Madriddən mənə zəng gəldi. Dedilər ki, “Atletiko” məni “Metropolitano”da qəbul edib mükafatlandırmaq istəyir.
Həyat qəribədir… Mən Madriddən Barselonaya getdim, Madridə "Barselona" ilə oyunda qayıdırdım.
İllər sonra qədəm qoyduğunuz bir yeri gəzməyə başladığınızda xatirələr beyninizdəki barmaq izləri kimidir. Yavaş-yavaş yüksəlir və hər yeni addımda fərqli bir an düşünürsən.
Hava limanına enəndə ilk gördüyüm “Atletiko”nun təyyarəsi oldu. Bütün bu mübarizələr, qalibiyyətlər və məğlubiyyətlər, yaxşı, çətin günlər, bütün xatirələr orada idi. Bir neçə saniyə ərzində o qədər çox hisslər yaşadım ki, gözlərim yaşla doldu...
Madriddə yaşadığım illərdə həmişə yanımda olan Mehmet Çələbi məni qarşıladı. O vaxtdan bəri heç vaxt ayrılmamışıq. Bizi öz mehmanxanasında qonaq etdi, hər şey çox tanış, səmimi idi.
Sevdiyiniz bir şəhərə gəldiyiniz zaman sevdiklərinizi görmək və özünüzü ən xoşbəxt hiss etdiyiniz yerlərdə olmaq istəyirsiniz. Kaş ki, gözəl anlardan daha çox həzz almaq üçün vaxt dayansın.
İlk olaraq, əziz dostum Şef Sandroya məxsus olan "Ten Con Ten" restoranına getdim. Mənim üçün o yerlərdən biridir ki, hər zaman qulağınızda tanış mahnı səslənir. Hətta menyu hələ də yaddaşımdadır.
Uzun, köhnə söhbətlər, qucaqlaşmalar, xoş xatirələr...
Həmin axşam İspaniyadakı səfirimiz cənab Burak Çaparla görüşmək şərəfinə nail oldum. O, çox mehriban, çox kübar idi. Qürur hissi keçirtdim. İllər sonra o, məni öz evimdəki kimi hiss etdirdi".