Rumıniyanın “Sepsi” klubunun baş məşqçisi Kristiano Berqodi “Qəbələ” ilə keçirilən yoxlama görüşü barədə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, klubun rəsmi saytına danışan italiyalı mütəxəssis 2:2 hesabından razı olduğunu bildirib:
“Komandam həm birinci, həm də ikinci hissədə yaxşı oynadı, heç-heçədən razı qaldım. Şadam ki, buraxdığımız hər iki qola cavab verə bildik. Qoldan sonra birinci hissədə üstünlüyə sahib olduq. Hamının görüşü zədəsiz başa vurmasına sevindim. İlk sınaq matçı olduğundan, hər şeydən razıyam. Rəqib penaltidən önə keçdi, ancaq yenə oyunu çevirə bildik. Bu matça qədər hər gün iki məşq edirdik. Bu üzdən yorğunluq tam gücümüzlə oynamağımızı çətinləşdirirdi”.
Qeyd edək ki, “Qəbələ” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu sabah keçirəcək. Elmar Baxşıyevin yetirmələri Almaniya təmsilçisi “Lukenvalde” sınağına çıxacaq.