- Xəbər news
- 22:34 14.11.2024
“Mənim üçün nəticə önəmli deyil”. Corner.az xəbər verir ki, bunu “Neftçi” klubunun baş məşqçisi Laurentsiu Regekampf bildirib.
Paytaxt təmsilçisi bu gün Antalyadakı toplanış çərçivəsində “Medz Leqnisa” (Polşa) ilə qarşılaşıb. Rumıniyalı çalışdırıcı 1:2 hesabı ilə uduzduqları oyundan sonra bildirib ki, ağır məşqlərdən sonra bəzi futbolçular bu oyunda özlərini göstərə bilməyib.
“Məşq proqramına fikir versək, ağır olduğunu görərik. Gündəlik iki ağır məşqlər keçirik. Bu səbəbdən bəzi futbolçular belə oyunlarda görünmürlər. Gənc futbolçularımız var, və onları bu toplanışda yoxlamaq istəyirik. Zədəli, problemli futbolçuları bərpa etməyə çalışırıq. Məqsədimiz komandanı çempionatda ilk rəsmi oyuna hazır etməkdir. Bəzi futbolçuların qayıdışına görə sevinirəm. Onlara komandanın ritminə düşməyə kömək etməliyik. Məsələn, Meza Kolli uzun müddətdi oynamırdı. Hazırda ağrısız oynayır və düşünürəm ki, gələcəkdə hansısa problemi olmayacaq. Stankoviç də zədəsini sağaltdıqdan sonra heyətə qayıdıb. Problemlə üzləşən futbolçularımız var. Düşünürəm ki, onlar da formaya düşəndən sonra komandamız daha yaxşı çıxış edəcək”.
“Neftçi” yanvarın 19-da daha güclü rəqiblər qarşılaşacaq. Belə ki, “ağqaralar” Serbiyanın “Srvena Zvezda” ilə üz-üzə gələcək. Regekampf bildirib ki, həmin oyun asan olmayacaq: “Məşqləri davam etdirəcəyik və bu, bizim üçün daha önəmlidi. Yoldaşlıq oyunundakı nəticə vacib deyil. Əsas odur ki, toplanışı zədəsiz başa vuraq”.