- Xəbər news
- 21:58 14.03.2026
“Qəbələ” Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Corner.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyadakı hazırlıq prosesində son yoxlama görüşündə qüvvəsini sınayıb.
Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda“Teplitse” ilə qarşılaşıb. Oyun Çexiya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində yeganə qolu 13-cü dəqiqədə Ramon Maçado vurub.
Oyunun sonlarında isə komandalar arasında qalmaqal düşüb. Əvvəlcə kapitan Asif Məmmədov rəqib futbolçu ilə söz “davası”na çıxıb. Qapıçı Səlahət Ağayevin də özünü yetirərək rəqibə zərbə vurması aranı daha da qızışdırıb. Nəticədə hər iki komandanın üzvləri arasında əlbəyaxa dava düşüb. Futbolçuların sakitləşmədiyini görən baş hakim isə 88-ci dəqiqədə matçı yekunlaşdırıb.
Bununla da, yanvarın 4-dən Antalyada toplanışda olan “Qəbələ” hazırlığı başa vurub. Bu müddətdə “Sepsi” (Rumıniya) ilə heç-heçə edən (2:2) və “Lukenvalde” (Almaniya) üzərində qələbə qazanan (3:2) təmsilçimiz sabah Vətənə qayıdacaq.