“Srvena Zvezda”nın baş məşqçisi Miloş Miloyeviç Antalya toplanışı çərçivəsində “Neftçi” ilə keçirilən yoxlama görüşünü dəyərləndirib. Corner.az saytı xəbər verir ki, 41 yaşlı çalışdırıcı 1:0 hesablı qələbədən məmnunluq bildirib:
“Neftçi” ilə oyunun özünəinam sayəsində qazanılması yaxşı haldır. Amma daha önəmlisi odur ki, 60 dəqiqə meydanda olan futbolçular yaxşı hazırlaşdıqlarını və asan olmamasına baxmayaraq, mentaliteti yüksək səviyyəyə qaldıra bildiklərini göstərdilər. Bizə lazım olan intensivliyi gördük. Çoxlu qol şansları yaratdıq. Nəzərə alaq ki, az oyun şansı əldə edənlər iştirak edirdilər. Onlar öhdəlik və məsuliyyət hiss etdilər, “Srvena Zvezda”da oynamaqdan həzz almaq imkanı qazandılar”.
Qeyd edək ki, “Neftçi” Türkiyədəki təlim-məşq toplanışını başa vurub. “Ağ-qaralar” “Srvena Zvezda”dan əvvəl “Medz Leqnitsa” (Polşa - 1:2) və Vaşaş”la (Macarıstan - 1:1) qarşılaşıb.