Rusiya Premyer Liqasının ən yaxşı qış transferləri açıqlanıb. Corner.az saytı xəbər verir ki, 8 futbolçunun yer aldığı siyahıya “Qarabağ”ı “Krasnodar”a dəyişən Kadi Borges başçılıq edir.
Rusiya mətbuatı yanvarın 14-də “Krasnodar”la 3,5 illik müqavilə imza atan braziliyalı yarımmüdafiəçinin Premyer Liqaya rəng qatacağına inandığını yazıb. Hətta yazının başlığında Kadi “Azərbaycandan olan sehrbaz” kimi qələmə verilib: “Braziliyalı hücumameyilli yarımmüdafiəçi təkcə çempionatda deyil, avrokuboklarda da oynamağı bacarıb. O, bir il yarım ərzində 74 oyun keçirib, 28 qol vurub, eyni sayda məhsuldar ötürmə verib”.
Qeyd edək ki, Kadi Borgesin “Krasnodar”a transferinin “Qarabağ”a 5 milyon avro qazanc gətirdiyi bildirilir.