Fevralın 1-də Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri, güləş üzrə Avropa və dünya çempionu Xəzər İsayevin 60 illik yubileyi qeyd olunub. Corner.Az xəbər verir ki, MOK-da keçirilən yubiley tədbirində əvvəlcə X.İsayevin həyatından və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək yubilyarın yüksək insani keyfiyyətlərindən danışaraq bildirib: “Hər ikimiz 1997-ci ildə Milli Olimpiya Komitəsinə vitse-prezident seçilmiş və 24 il çiyin-çiyinə idmanın inkişafı üçün çalışmışıq”. X.İsayevin Azərbaycanda idmanın inkişafına verdiyi töhfələrdən danışan Ç.Hüseynzadə yubilyara gələcək fəaliyyətində uğurlar arzulayıb. Gənclər və idman naziri Fərid Qayıbov X.İsayevin idman karyerasını bitirdikdən sonra fəaliyyətini bu sahə üzrə davam etdirdiyini, perspektivli güləşçilərin yetişməsində mühüm rol oynadığını və idmanda ədalət prinsiplərinin təbliğini həmişə diqqət mərkəzində saxladığını diqqətə çatdırıb. Yubilyarın səmimi və mehriban insan olduğunu vurğulayan nazir X.İsayevin təkcə Azərbaycanda deyil, ölkə xaricində də böyük nüfuza sahib olduğunu qeyd edib. Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu idman siyasəti bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan idmançıları həmin uğurlu siyasəti dəstəkləyənlərdir. Məhz həmin idmançılar ölkəmizi dünyada layiqincə təmsil edir, qalib xalqın nümayəndələri olduqlarını sübut edirlər. “X.İsayev gənclər üçün örnəkdir. Həmçinin o, Azərbaycan idmanı üçün dəyərli bir şəxsiyyətdir. Onunla tanışlığım 80-ci ilin sonlarına təsadüf edir. X.İsayevə hamı hörmətlə yanaşır və o da həmişə idmançıların yanında olur. Ölkəmizin güləş idman növündə əldə etdiyi uğurlarda məhz X.İsayevin də böyük payı var”, - deyə A.Əliyev əlavə edib. Milli Məclisin deputatları Rauf Əliyev, Könül Nurullayeva, tanınmış nasir və publisist Xeyrəddin Qoca, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov və digərləri çıxış edərək yubilyarın keçdiyi şərəfli həyat yolundan söz açıb, ona fəaliyyətində yeni uğurlar arzu ediblər. Sonda çıxış edən X.İsayev göstərilən diqqətə görə minnətdarlığını bildirib. Tədbirdə MOK-un baş katibi Azər Əliyev, idman federasiyalarının rəhbərləri, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.