“Ferensvaroş”un idman direktoru Tamaş Haynal qış fasiləsində “Qarabağ”dan transfer etdikləri Kvabena Ovusunun keçidini dəyərləndirib. Corner.az xəbər verir ki, Macarıstan klubunun rəsmisi 26 yaşlı hücumçunu cari mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionuna qarşı keçirdikləri oyunda bəyəndiklərini söyləyib:
“Myenti Abenanı hələ Slovakiyada olmazdan əvvəl, Ovusu Kvabenanı isə Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”la oyunumuzda görüb bəyənmişik. Keyfiyyətli əcnəbi oyunçu ilə müqavilə imzalamaq asan deyil. Çünki avrokuboklardakı uğurlu nəticələrə baxmayaraq, ölkə çempionatındakı çıxışımız onları qane etmir”.
Qeyd edək ki, “Qarabağ” evdə qollu bərabərə (1:1) qaldığı “Ferensvaroş”u səfərdə 3:1 hesabı ilə məğlub edərək, mərhələ adlamışdı. Bakıdakı qarşılaşmada Azərbaycan təmsilçisinin heyətində yeganə qola Ovusu imza atmışdı.