- Xəbər news
- 22:34 14.11.2024
Qərbi Azərbaycan İcmasının rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.
İcmanın Mətbuat Xidmətindən Corner.Az-a bildiriblər ki, əvvəlcə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıb.
Daha sonra Qərbi Azərbaycan İcmasının nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb. İcmanın İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli söhbəti zamanı fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı səfirə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib. Sədr bildirib ki, qardaş Türkiyənin acısı bütün Azərbaycanın acısıdır, bu faciənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan dövləti və Azərbaycan xalqı ilə bir yerdə Qərbi Azərbaycan İcmasının hər bir üzvü də əlindən gələn dəstəyi verir və verəcəkdir.
Səfir Cahit Bağcı ziyarət üçün təşəkkürünü bildirərək Azərbaycanın ilk dəqiqələrdən Türkiyənin yanında olduğunu, hətta Türkiyənin yardım çağırışından əvvəl Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin zəlzələdən 6 saat sonra hadisə yerində olduğunu vurğulayıb.
İcmanın rəhbər heyətinin digər üzvləri də qardaş ölkənin səfirinə başsağlıqlarını çatdırıb, yaralılara şəfa diləyib və bir daha belə bir acının yaşanmaması üçün dua etdiklərini bildiriblər. Görüşdə İcma sədri ilə yanaşı, İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov, sədrin müavinləri, deputat Ramil Həsən, deputat Hikmət Babaoğlu, Ziyalılar Şurasının sədri Elxan Hüseynov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənov, Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahımqızı, Gənclər Şurasının sədri, millət vəkili Ramin Məmmədov, İcma üzvü, deputat Anar Məmmədov, İcmanın sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər.