“Turan Tovuz" klubunun baş sponsoru "Huner Group" şirkəti ilə imzalama mərasimi keçirilib. Corner.az xəbər verir ki, tədbirdə çıxış edən Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Rəşid Məhərrəmov komandanın tarixindən, hazırkı vəziyyəti barədə məlumat verib.
O, hazırda klubun akademiyasında 250 nəfərin futbolla məşğul olduğunu xatırladıb. İdarə Heyətinin sədri "Turan Tovuz"un 9 ildən sonra Azərbaycan Premyer Liqasına qayıtdığını vurğulayıb. O, Tovuz klubunun əvvəlki əzəmətini bərpa edəcəyini və yenidən avrokuboklarda iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
"Turan"ın ilk rəhbəri Vidadi Əhmədov çıxışında "Turan"ın ölkəmizi Azərbaycan komandaları arasında ilk dəfə Avropada təmsil etdiyini deyib. "Fənərbaxça" ilə oyunlarla bağlı xatirələrini bölüşüb. O, yeni sponsora gələcək fəaliyyətində uğurlar arzu edib.
FİF-in icraçı direktoru Tural Piriyev futbolun bölgə üçün böyük sosial iqtisadi faydaları olduğunu deyib. O, Tovuz rayon İcra Hakimiyyətinin bu danışıqlarda rolu olduğunu qeyd edib.
"Huner Group"un təsisçisi Ehtiram Quliyev klubda yaxşı şərait yaradıldığını deyib: "Yay ayından FİF-lə danışıqlar aparırdıq. Bir çox suallarımız var idi, ətraflı məlumat verdilər. Klubun ilk yaradıcıları böyük fədakarlıq göstəriblər. 1992-ci ildə döyüşlərin getdiyi çətin vaxtlarda Vidadi Əhmədov "Turan"ın tarixində qızıl hərflərlə adını yazdırıb".
Daha sonra "Turan Tovuz"un idarə heyətinin sədri Rəşid Məhərrəmovla "Huner Group"un rəhbəri Ehtiram Quliyev arasında sponsorluq müqaviləsi bağlanıb.