“İlk növbədə Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyirik. Tovuzda hər zaman futbola böyük maraq olub. İstedadlı futbolçular yetişib. SSRİ vaxtında hələ “Neftçi”də tovuzlu futbolçuların sayı heç də az deyildi. Tovuz hər zaman Azərbaycan futboluna öz töhfəsini verib. Azərbaycanda ilk peşəkar klub da məhz “Turan Tovuz” olub”.
Corner.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Rəşid Məhərrəmov deyib.
“Huner Group”la Tovuz klubu arasında sponsorluq müqaviləsinin imzalanması mərasimində çıxış edən klub rəsmisi “Turan Tovuz”un yenidən iddialı olacağına inandığını bildirib:
“2019-cu ildə Tovuzda futbol akademiyası yaradıldı. 250 gənc burada futbolun sirlərinə yiyələnir. 28 məşqçi onlarla hazırlıq keçir. Bu mövsüm 9 ildən sonra “Turan Tovuz” Premyer Liqaya qayıtdı. Rəhbərliyin, Futbolun İnkişaf Fondunun səyi nəticəsidə komanda bu gün çempionatda altıncı yeri tutsa da, kubokda yarımfinla adlayıb. “Huner Group” Futbolun inkişaf Fondunun səyləri nətciəsində "Turan Tovuz"la əməkdaşlığa başlayır. İnanıram ki, “Turan Tovuz” əvvəlki kimi iddialı olacaq və Azərbaycanı yenidən Avropada təmsil edəcək”.