- Xəbər news
- 22:34 14.11.2024
Murad Musayevin “Sabah”dakı uğurlu fəaliyyəti Rusiya mətbuatında diqqət mərkəzinə düşüb. Belə ki, qonşu ölkənin mətbuatı təcrübəli mütəxəssislə bağlı məqalə dərc edib. Corner.az xəbər verir ki, məqalədə ölkəsində uğur qazana bilməyən bu məşqçinin Azərbaycan çempionatındakı işinə toxunulub:
“2021-ci ilin aprelində Murad Musayev klubun təsisçisi və sahibi Sergey Qalitskinin dəstəyinə baxmayaraq, “Krasnodar”ı tərk etdi. Rusiya futbolu, deyəsən, payızda komandası Çempionlar Liqasında yaxşı görünən gənc mütəxəssisin itkisini hiss etməyib. Muradın yenidən işə başlaması və yeni təklifi qəbul etməsi üçün yeddi ay lazım gəldi. Onun üçün hər hansı bir klubda işləmək çətin idi, çünki Musayev asılı məşqçi kimi şöhrət qazanmışdı. Bəziləri onunla birlikdə demək olar ki, “Krasnodar”ı Qalitskinin çalışdırdığını və heyəti müəyyənləşdirdiyini iddia edirdi. Amma Murad “Krasnodar”la vidalaşandan sonra bu iddialara belə cavab verdi:
“Bir həftə məşq keçirsiniz, kimin necə işlədiyini görürsünüz və öz baxışınız olduğu halda, sizə heyətə kimisə qoyacağınızı deyirlərsə, o zaman orada uzun müddət işləməyəcəksiniz. Bir ay, iki, üç - və hər şey bitəcək, çünki hamısını görürlər. Qəribə söhbətlərdir. Bəli, Sergey Nikolayeviç hər şeylə maraqlanır. Amma o, heç vaxt belə şeylər etmirdi. Bu, yəqin ki, Qalitski haqqında ən gülməli stereotipdir".
Musayev “Ferentsvaroş”la danışıqlar apardı və Stanislav Çerçesovdan əvvəl Macarıstan çempionu ola bilərdi. Lakin bu alınmadı və 2021-ci ilin oktyabrında rusiyalı məşqçi gözlənilməz yerdə peyda oldu. O, Bakı təmsilçisi “Sabah”a rəhbərlik etməyə başladı. Həmin vaxt bu komanda Azərbaycan çempionatında sonuncu, 8-ci yeri tutmuşdu - doqquz turdan sonra iki qələbə, bir heç-heçə və altı məğlubiyyətlə.
Musayev komandanın problemlərini tez başa düşdü. Onun rəhbərliyi altında keçirilən çempionatın ilk altı oyununda “Sabah” dörd qələbə qazandı və yalnız bir məğlubiyyətlə üzləşdi – gələcək çempion “Qarabağ”a. Sonra köhnə yaralar yenidən üzə çıxdı - komanda bir az şok oldu. Amma bundan sonra “Sabah” 10 matçlıq məğlubiyyətsizlik seriyası yaxaladı və bu, yeni mövsümə də sıçradı. Paytaxt komandası ilk 4-lükdən cəmi dörd xal geri qalaraq beşinci yerdə qərarlaşdı - bu, 2017-ci ildə qurulan gənc klubun tarixindəki ən yaxşı nəticənin təkrarı idi.
Musayevin komandası bu mövsüm də irəliləyişini davam etdirir. Məğlubiyyətsizlik seriyası Azərbaycan futbolunun son illərdəki şəksiz lideri və Konfrans Liqasının pley-off mərhələsinin iştirakçısı “Qarabağ”a 3:4 hesablı məğlubiyyətilə qırıldı. 84-cü dəqiqəyə kimi səfərdə qalib gələn “Sabah” sonda penaltidən iki qol buraxdı.
Bu uğursuzluğu unudan Musayevin komandası toparlanaraq 16 matçlıq daha bir məğlubiyyətsizlik seriyasına imza atdı. Və bu oyunlardan 12-ni qazandı. Bu uğurlu seriya 19 fevral bazar gününə qədər davam etdi. Musayevin yetirmələri bu dəfə “Turan Tovuz”a uduzdu – 0:2. Ola bilsin ki, son turda “Qarabağ”la səfərdə heç-heçədən (1:1) sonra kifayət qədər emosiya olmayıb.
İndi “Sabah” “Qarabağ”dan 8 xal geri qalır və ikinci yerdə qərarlaşıb. Görünən odur ki, Musayev tarixdə ilk dəfə bakılıları avrokuboklara çıxaracaq. Təbii ki, rusiyalı məşqçinin Azərbaycanda əməyi yüksək qiymətləndirilir.
Musayevin “Sabah”da 11 legioneri var və “Transfermarkt”ın məlumatına görə, ən bahalı oyunçuları cəmi 700 min avroya başa gəlir - alman Coy-Lens Mikels, ukraynalı Aleksey Kaşuk və rusiyalı Aleksey İsayev. “Sabah”ın həqiqətən də transferlər üçün pulu yoxdur: mövsümlərarası fasilə zamanı klub yeddi azad agentlə müqavilə imzaladı, qışda isə ümumiyyətlə transfer olmadı.
Musayevin Azərbaycan çempionatında hər oyunda orta hesabla 2,07 xalı var. Statistikaya görə, bu, liqa tarixində ikinci nəticədir! Yalnız “Dinamo”, “Fakel” və “Baltika”nın sabiq hücumçusu, 15 ildir “Qarabağ”a başçılıq edən Qurban Qurbanovun (2,14) göstəricisi daha yüksəkdir. Musayev Azərbaycanda çalışmış bir çox kifayət qədər tanınmış məşqçiləri qabaqlayır. Məsələn, Yuri Syomin “Qəbələ” ilə 1,74, Aleksandr Starkov “Bakı” ilə 1,31, Con Toşak “Xəzər Lənkəran”la hər oyuna orta hesabla 1,14 xal toplayıb.
Musayev bu yaxınlarda Azərbaycan mətbuatına müsahibəsində etiraf edib ki, bu mövsüm ona Rusiya Premyer Liqasında ilk səkkizlikdə qərarlaşmış komandalardan maraqlı təkliflər gəlib, lakin o, “komandasını tərk edə bilməyib” və “başladığı işi başa çatdırmaq istədiyini” söyləyib. Onun müqaviləsi 2024-cü ilin yayına qədərdir. Ötən il “Krasnodar”ın Muradı qaytarmaq cəhdi haqda məlumat yayılmışdı. Bəlkə bir gün bu, həqiqətən də baş verəcək”.