İspaniyada televiziya proqramının qonağı olan millinin sabiq futbolçuları Jerar Pike və İker Kasilyas arasında mübahisə yaranıb. Corner.az xəbər verir ki, buna səbəb “Barselona”nın keçmiş müdafiəçisi Pikenin hər iki klubla bağlı fikirləri olub.
36 yaşlı oyunçu “Real” və “Barselona”ya hakimlər tərəfindən həmişə simpatiya bəslənildiyini söyləyib. Bununla razılaşmayan “Real”ın sabiq qapıçısı Kasilyas isə köməyin yalnız “Barselona”ya edildiyini deyib. O, Pep Qvardiolanın dönəmində kataloniyalılara dəstək olunduğunu bildirib: “İki il ərzində komandanın əleyhinə nə penalti, nə də qırmızı vərəqə göstərildi. Bu inanılmazdı!”
Qeyd edək ki, Jerar Pike 2008-2022-ci illərdə “Barselona”da, İker Kasilyas isə 1999-2015-ci illərdə “Real”ın formasını geyinib.