Qış fasiləsində “Qarabağ”ı “Krasnodar”a dəyişən Kadi Borges Rusiya mətbuatına müsahibə verib. Corner.az xəbər verir ki, braziliyalı futbolçu söhbət zamanı Azərbaycanda keçirdiyi dönəmə də toxunub.
26 yaşlı futbolçu yeni komandası ilə bağlı böyük hədəflərinin olduğunu bildirib.
- İl yarım “Qarabağ”da çıxış etdiyiniz üçün rus dilinə bələdsiniz. “Krasnodar”da rus dilini öyrənən Kristian Ramiresdən nümunə götürəcəksiniz?
- Bəli, rus dili ilə artıq tanışam, çünki “Qarabağ”da məşqçi bəzən bu dildə danışırdı. Həmçinin bir neçə oyunçu da rusca danışırdı. Ona görə də, sizin sözləriniz mənə tanışdı. Düzdü, Azərbaycanda ingilis dilini öyrənməyə diqqət yetirdim, baş məşqçi bizimlə bu cür danışırdı. Amma həyat yoldaşım mənimlə Rusiyaya köçən kimi, rus dilini öyrənməyi planlaşdırıram. Bu mənim üçün çox vacibdi. Bunun üçün hər ikimiz müəllimlə işləyəcəyik.
- “Qarabağ”da və “Krasnodar”ın heyətindəki ilk yoxlama matçlarında özünüzü parlaq hücumameyilli oyunçu kimi göstərdiniz. Güclü tərəfləriniz nələrdi?
- Çeviklik. Komandaya lazım olsa, mövqeyimi dəyişmək mənim üçün çətin deyil. Ötürmə ilə oynamağı və orta xətdən zərbə vurmağı xoşlayıram.
- “Krasnodar”ın sabiq baş məşqçisi olan və hazırda Azərbaycanın “Sabah” klubuna rəhbərlik edən Murad Musayev sizi Azərbaycan çempionatının ən yaxşı oyunçusu adlandırıb. Onunla razısınız?
- Bəli, razıyam! (gülür)
- “Qarabağ”da il yarım ərzində 28 qol vurdunuz, 28 məhsuldar ötürmə verdiniz. “Krasnodar”la 3,5 illik müqaviləniz var. Yəni daha çox qol vurmaq şansınız var. Məsələn, “Krasnodar”da 50 qol vurub, 50 məhsuldar ötürmə verə bilərsiniz?
- Bəli, düşünürəm ki, bacararam. Uzaq məsafədən məhsuldar oyunçu ola biləcəyimi göstərmişəm. Bunun üçün çalışacağam. Hər bir idmançının əsas məqsədi inkişafdır. Bu alınarsa, təkcə özümə deyil, kluba da xeyir verərəm.
- Bu yaxınlarda “Qarabağ”la Azərbaycan çempionluğunu və kubokunu qazandınız. “Krasnodar”ın hələ böyük kuboklarının olmadığını bilirsiniz?
- Niyə də burada da qazanmayım? “Krasnodar”a yaxşı futbolçular lazımdı. “Krasnodar”a ilk kubokları qazandırmağa çalışacağam.
- Ümumiyyətlə, “Krasnodar” variantı necə yarandı?
- Keçən ilin sonunda tətil başlamazdan bir həftə əvvəl bildim ki, “Krasnodar” mənimlə maraqlanır. Adətən transfer işi ilə məşğul olmuram, bunun üçün agentim var. Əvvəlcə “Krasnodar”ın təzminatı ödəməyə hazır olacağına inanmırdım. Çünki ondan üç ay əvvəl “Qarabağ”la yeni müqavilə bağlamışdım. Amma klubun mənə nə qədər ümid bəslədiyi bəlli olanda agentə bu çağırışı qəbul etmək istədiyimi bildirdim. Mənim üçün bu, böyük sınaqdı. Çox xoşbəxtəm, böyük gözləntilərim var.
- Rusiyanın başqa klublarından da təklif var idi?
- Rusiyadan bir neçə təklif var idi. Amma bu, əvvəllər olmuşdu. Hələ “Qarabağ”la yeni müqavilə imzalamazdan əvvəl.
- “Qarabağ”da Rusiya ilə bağlılığı olan bir neçə futbolçu var. Məsələn, Ramil Şeydayev “Zenit”in yetirməsidi. “Krasnodar”a keçməzdən əvvəl onunla və ya digər futbolçularla məsləhətləşmisiniz?
- Bəli, onlarla danışdım, klub və infrastrukturla bağlı sual verdim. Özüm yalnız matçlara baxa bilirdim. “Krasnodar” barədə çox şey bilmirdim. Oradakı komanda yoldaşlarımın cavabları seçimimdə həlledici oldu. İndi gözəl stadionumuzda oynamağı səbirsizliklə gözləyirəm.
- “Qarabağ” hazırda Konfrans Liqasının pley-off mərhələsində çıxış edir. Avrokubokların olmadığı Rusiya futboluna gəlmək utandırıcı deyil?
- Mən utandığımı deyə bilmərəm. Şüurlu şəkildə bu seçimi etdim. Təbii ki, hamı avrokuboklarda oynamaq istəyir. Çoxları ümid edir ki, bu turnirlər tezliklə Rusiyaya qayıdacaq. Həyat elə qurulub ki, seçim edərkən həmişə nəyisə itirirsən və qazanırsan.
- Azərbaycanda il yarım qaldınız. Bu ölkədə ən yaddaqalan vaxt hansıdı?
- Bakını çox bəyəndim. Ora yaşamaq üçün çox gözəl şəhərdi.
- Mövsümün əvvəlində “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə son anda düşə bilmədi. “Krasnodar”la bunu bacaracağınıza inanırsınız?
- Bu mənim arzumdur. “Qarabağ”la Çempionlar Liqasının qrupuna düşmək üçün son addım kifayət etmədi. Ümid edirəm ki, “Krasnodar” yaxın vaxtlarda Avropa futboluna qayıda biləcək.