- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycanlılara qarşı törədilmiş bütün hüquq pozuntuları kimi, mülkiyyət hüququnun pozulmasının nəticələrinin aradan qaldırılmasına görə də Ermənistan hökuməti məsuliyyət daşıyır. Ermənistan azərbaycanlılara məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətə vurulmuş zərərə və ondan istifadənin qarşısının alınmasına görə yaranmış itkilərə görə kompensasiya ödəməlidir. Həmçinin azərbaycanlıların mülkiyyət hüquqlarının bərpasından irəli gələn bütün xərcləri ödəməli və digər lazımi tədbirləri görməlidir. Vurğulamalıyıq ki, maliyyə kompensasiyası sadəcə mülkiyyətə vurulmuş zərərə və ondan istifadə hüququnun qarşısının alınmasına görə tələb edilir. Maliyyə kompensasiyası geriyə qayıtmaq, Vətəndə yaşamaq hüququnu əvəz edə və onu aradan qaldıra bilməz.
Corner.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının (QAİ) sözçüsü Ülviyyə Zülfiqar söyləyib.
O deyib: “İndiki Ermənistanda olan Azərbaycan mədəni irsinin bərpası və qorunmasına gəlincə qeyd edək ki, bu, sülh və barışığın mühüm şərtidir. Biz bununla bağlı, ilk növbədə, BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə Ermənistan ərazisində olan azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinə çalışacağıq. Zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısı hazırlanmalı və Ermənistan hökuməti onları bərpa etmək və qorumaq öhdəliyini icra etməlidir”.
Ülviyyə Zülfiqar əlavə edib ki, indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların törəmələrinin öz vətənlərinə qayıtmaq hüququ var. QAİ Azərbaycan Respublikasının əhali reyestri xidmətlərinin yardımından istifadə edərək və müvafiq beynəlxalq metodologiya əsasında İcma üzvlərinin siyahıyaalınmasını həyata keçirir.
“Gələcəkdə digər dövlətlərdə məskunlaşmış Qərbi azərbaycanlıların siyahıya alınması üçün də səylər göstərəcəyik”, - deyə QAİ sözçüsü bildirib.