Qərbi Azərbaycan İcmasında (QAİ) Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilib.
Corner.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə yanaşı, İcmanın İdarə Heyəti sədr müavinləri, deputatlar Hikmət Babaoğlu, Ramil Həsən, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov və QAİ-ni sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər.
İcma sədri Əziz Ələkbərli təmsil etdiyi təşkilatın yaranma tarixi, fəaliyyəti və məqsədləri barədə qonaqlara məlumat verib. Bildirib ki, indiki Ermənistan ərazisində son 200 ildə azərbaycanlılar müxtəlif məşəqqətlərlə üzləşiblər. Təkcə XX əsrdə azərbaycanlılara qarşı 4 dəfə deportasiya və qırğınlar həyata keçirilib.
Əziz Ələkbərli Birinci Qarabağ müharibəsində də Ermənistanın azərbaycanlılara qarşı cinayətlər törətdiyini bildirib. "Qərbi azərbaycanlıların bir istəyi var. Öz yurdlarına qayıtmaq. Hazırda Qarabağ münaqişəsi bitib. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq. İstəyirik ki, sülh müqaviləsi bağlandıqdan sonra Qərbi azərbaycanlılar öz ata-baba torpaqlarına qayıtsın. Əgər Azərbaycan ərazisində ermənilər azərbaycanlılarla birgə yaşaya bilərsə, azərbaycanlılar da geri qayıdaraq Ermənistan ərazisində onlarla birgə yaşaya bilər. Biz insanların qayıdışını sülh və dinc yolu ilə təmin etmek istəyirik. Necə ki, Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərə orada yaşamaq üçün hər bir fürsət yaradır. Ermənistan da bunu azərbaycanlılar üçün etməlidir. Biz beynəlxalq təşkilatlara da bu barədə müraciət etmişik. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin sənədi kimi yayılıb. Biz, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə və Avropa İttifaqının Ermənistandakı missiyasına da müraciət etmişik".
Əziz Ələkbərli vurğulayıb ki, Azərbaycanda bütün millətlərin nümayəndələri yaşayır. Amma Ermənistan monoetnik dövlətdir.
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Alberto Viyya Viyyeqas bildirib ki, dünyada sülh və bərabərlik olmalıdır. O qeyd edib ki, Meksika olaraq Azərbaycanın tarixinə bələddirlər: "Dostluq qrupu olaraq İcmaya həmrəylik nümayiş etdirməyə və Meksikada Azərbaycanın səsi olmağa hazırıq"-deyə deputat bildirib.
O yaranan təşəbbüsləri və görüşdə bəhs olunanları Meksika hökumətinə çatdıracaqlarını qeyd edib.
Sonda İcma sədri Əziz Ələkbərli Meksikalı qonaqlara “İrəvan Xanlığının bölgə mətbəxi” adlı kitab hədiyyə etdi.