- Xəbər news
- 01:00 22.01.2026
Martın 1-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü
ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkında inklüzivliyin
təmin olunmasına dair müzakirə görüşü keçirilib.
Corner.Az xəbər verir ki, görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri
Rəhman Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova, parkın layihəçisi “By Medgalchi” şirkətinin direktoru, layihə rəhbəri
Hüseyn Medqalçı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Əlil Təşkilatları
İttifaqının prezidenti Davud
Rəhimli, Heydər
Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova,
Dünya Bankında proqram koordinatoru Leyla Tağıyeva, Xüsusi Qayğıya Ehtiyacı
Olan İnsanlar üçün “Fərqli Fərdlər” Konqresinin təşkilatçısı, emosional
intellekt üzrə tyutor Süzanna Burezgi, “EkoSfera” Sosial Ekoloji Mərkəz İctimai
Birliyinin sədri Firuzə Sultan-zadə, memarlar Toğrul Bayramov və İlqar
Manafsoy, eləcə də qeyri-hökumət təşkilatlarının
müvafiq nümayəndələri, Qarabağ
Dirçəliş Fondunun donor tərəfdaşları iştirak ediblər.
Görüş iştirakçıları Füzuli Mərkəzi Parkının layihəsində
inklüzivliyə dair standartların nəzərə alınması (müxtəlif yaş, fiziki imkanlar
və maraq qrupları üzrə), sabit fiziki və ya hissiyyat pozuntuları olan şəxslər
üçün maksimum yararlı şəraitin təmin olunması (hərəkətlilik, idman, istirahət və
s.), park ərazisində uşaqlar üçün multifunksional inklüziv oyun məkanlarının,
eləcə də ev heyvanları üçün sərbəst hərəkət
sahəsinin yaradılması və digər mövzular ətrafında müzakirələr aparıblar.
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş
Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Füzuli Mərkəzi
Parkının konsept-layihəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Parkın
salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm
Füzuli sakinlərinin, həm də şəhərin qonaqlarının istirahəti üçün ən gözəl məkanlardan
birinə çevriləcək.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın Füzuli rayonunun, xüsusən də onun ekoloji
tarazlığının bərpasına xüsusi diqqət ayırdıqlarını deyən Rəhman Hacıyevin sözlərinə
görə, dövlətimizin başçısı və birinci xanımın iki dəfə Füzuli şəhərində yerləşəcək
parkın ərazisində ağacəkmə aksiyasında iştirak etmələri bunun əyani sübutudur.
İdarə Heyətinin sədri parkın layihələndirilməsi
zamanı fiziki imkanları məhdud olan insanlar, uşaqlar və yaşlı insanlar üçün rahat
şəraitin yaradılmasının nəzərdə tutulduğunu xüsusi vurğulayıb. Onun sözlərinə
görə, qeyd olunan məsələ ilə bağlı təkliflər hazırlanarkən beynəlxalq qabaqcıl
təcrübədən istifadə olunub.
“By Medgalchi”
MMC-nin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı Füzuli Mərkəzi Parkının layihəsi
haqqında görüş iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, müxtəlif ağac
növlərinin və dekorativ kolların əkiləcəyi park
sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə
istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin
yaradılması nəzərdə tutulub.
Hüseyn
Medqalçı parkda fiziki imkanları məhdud olan insanların istirahəti, eləcə də park
ərazisində quraşdırılacaq avadanlıqlardan rahat istifadə edə bilmələri üçün
lazımi tədbirlərin görüləcəyini də diqqətə çatdırıb.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova işğaldan azad
edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışaraq, Füzuli şəhərinin
mərkəzində yaradılacaq Füzuli Mərkəzi Parkının şəhər sakinlərinin ən sevimli
istirahət məkanlarından birinə çevriləcəyindən əminliyini ifadə edib.
Parkın
salınması üçün seçilən ərazinin olduqca əlverişli olduğunu və qarşıya qoyulan hədəflərə
uyğun gəldiyini deyən Komitə sədri onun Zəfər Yolunun üzərində yerləşməsini
xüsusi vurğulayıb.
Füzuli Mərkəzi Parkının əvvəlcədən onlara təqdim
edilən pre-konsept layihəsi və digər müvafiq sənədlərlə tanış olan görüş
iştirakçıları (qeyd olunan sənədlərlə bu linkə daxil olaraq tanış olmaq olar) mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Parkın ərazisindəki giriş və çıxışlarda məlumat lövhələrinin quraşdırılması, pandusların
düzgün nəzərə alınması, sanitar qovşaqlarının əlçatan olması, uşaqlar üçün qum
meydançalarının yaradılması, Füzuli rayonunun və Qarabağın tarixini əks etdirən
məlumat lövhələri və qapalı əyləncə məkanlarının tikintisi və digər təkliflər
irəli sürülüb.
Tədbir iştirakçıları parkın layihələndirilməsi
zamanı beynəlxalq qabaqcıl təcrübənin nəzərə alınmasını, parkda inklüzivliyin təmin
olunması məqsədilə bu sahədə təcrübəsi olan insanların fikir və təkliflərinin
öyrənilməsini müsbət qiymətləndirməklə yanaşı, gələcəkdə ekspert qismində çıxış
etməyə hazır olduqlarını bildiriblər.
İki saatdan artıq davam edən müzakirənin sonunda Qarabağ
Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev müzakirələrdə fəal
iştirak etdiklərinə görə görüş iştirakçılarına təşəkkürünü bildirib, onların səsləndirdikləri
fikir və təkliflərin Füzuli Mərkəzi Parkının layihələndirilməsində mütləq nəzərə
alınacağını vurğulayıb.
Xatırladaq ki, Füzuli Mərkəzi Parkının layihələndirilməsi
layihəsi Qarabağ Dirçəliş
Fondunun sifarişi ilə həyata keçirilir.