- Xəbər news
- 22:34 14.11.2024
Bu gün “Fairmont” hotelində AFFA-nın növbəti Konfransı keçirilib. Prosedura uyğun olaraq məlumat verilib ki, 35 səs hüquqlu nümayəndənin 32 nəfəri Konfransda iştirak edir və Konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir. Corner.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfransı açaraq konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb:
“Hörmətli Konfrans iştirakçıları, hörmətli qonaqlar! AFFA-nın Növbəti Konfransında hər birinizi salamlayıram.
Hesabat dövründə ölkə futbolunun inkişafı məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi davam etdirilib. Ötən il, eyni zamanda, AFFA-nın təsis olunmasının 30 illik yubileyi ilə əlamətdar idi. Sevindirici haldır ki, möhtərəm cənab Prezident yubiley ilində futbol ictimaiyyətinin nümayəndələrini fəxri adla və “Tərəqqi” medalı ilə təltif etdi. Futbolumuzu hər zaman diqqət mərkəzində saxlayan və dəstəkləyən cənab Prezidentə futbol ailəsi adından bir daha təşəkkürümüzü bildiririk. Gənclər və İdman Nazirliyi tərəfindən də təltif olunan əməkdaşlarımız oldu. Onları da bir daha təbrik edir, Gənclər və İdman Nazirliyinə təşəkkür edirik.
Hesabat ilində “Qarabağ” klubunun avrokuboklarda uğurlu çıxışı bizə böyük sevinc hissləri yaşatdı. Milli komandamızın da ardıcıl 5 oyunda qələbə qazanması xüsusi vurğulanacaq məqamlardandır.
Görülmüş işləri, əldə olunmuş nəticələri Konfransın gedişində bir daha ətraflı şəkildə xatırlayacağıq”.
Sonra hesabat dövründə AFFA-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Baş katib Sərxan Hacıyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, AFFA-nın strategiyasına uyğun olaraq cari mövsümdən Premyer Liqada komandalarının sayı 10-a çatıb. Həmçinin, dünya futbolunda baş verən yeniliklərə uyğun olaraq, ölkə çempionatında VAR sistemi uğurla tətbiq edilib. İnfrastrukturun yaxşılaşdırılması istiqamətində atılan addımlar kimi Tovuz şəhər stadionunun, Bayıl Arenanın ot örtüyünün yenilənməsi qeyd olunub.
Baş katibin çıxışından sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat çıxışı edib.
“Futbolun İnkişafı Fondu”nun icraçı direktoru Tural Piriyev ötən il ərzində görülən işlər, həyata keçirilən layihələrdən, klubların dayanıqlı maliyyə yardımı istiqamətində dövlət və özəl qurumlarla əlaqələrdən danışıb. FİF-in əməkdaşlığı sayəsində bölgə kubları ilə müxtəlif görüşlər keçirdiklərini və layihələrin uğurla davam etdirildiyi bildirib.
Konfransda qonaq qismində iştirak edən FIFA rəsmisi Heide Behan və UEFA nümayəndəsi Cozef Kliment çıxış edərək AFFA-ya və Azərbaycan futbol ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonra Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək Konfransın uğurla təşkil olunduğunu qeyd edib, AFFA-ya ölkə futbolunun inkişafı naminə görülən işlərdə uğurlar arzulayıb.
Çıxışlar başa çatdıqdan martın 6-da 75 illik yubileyini qeyd edən ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimova yubiley münasibətilə təbrik ünvanlanıb, AFFA-nın prezidenti Rövnəq Abdullayev və Gənclər və İdman naziri Fərid Qayıbov yubilyara xatirə hədiyyəsi təqdim edib.
Konfrans başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə baş katib Sərxan Hacıyevin mətbuat konfransı keçirilib.