“Konyaspor”un hücumçusu Mahir Emreli Super Liqanın 26-cı turunda “Qalatasaray”a qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Türkiyə mətbuatına açıqlamasında qarşılaşmaya hazır olduqlarını bildirib.
26 yaşlı futbolçu İstanbul klubunun ardıcıl 14 matçlıq qələbə seriyasının onları qorxutmadığını da vurğulayıb:
“Bütün komanda oyuna köklənib. Rəqibimizi tanıyırıq. Çempionatda birinci yerdədilər və yaxşı futbol oynayırlar. Uğurlu seriya yaxalayıblar. Görüşə taktiki məşqlərlə hazırlaşdıq. “Qalatasaray”ın 14 oyunluq qələbə seriyasına Konyada son qoya bilərik”.
Qeyd edək ki, martın 17-də keçiriləcək “Konyaspor” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.