"Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Bakıda Türkiyənin “Qalatasaray” komandasına qarşı keçirəcəkləri xeyriyyə oyunundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 30 yaşı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır. Matçın mahiyyətini hər kəs dərk edir. Xüsusi qeyd etməli bir şey yoxdur. Türkiyənin böyük klublarından olan "Qalatasaray"ı burada qonaq etmək həm "Qarabağ", həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər kəsi oyuna dəvət edirəm. Hər iki komanda üçün dəstək lazımdır. Düşünürəm ki, sabahkı matç bütün azarkeşlərin zövqünü oxşayacaq".
Təcrübəli oyunçu natamam heyətlə oynamağın çətin olmayacağını söyləyib: "Biz hər zaman gücümüzü azarkeşlərimizdən almışıq. Onların sayəsində tam heyət ola bilərik. Vəziyyət məcburiyyətdən belədir. Əksər oyunçularımız milli komandalardadır. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq Türkiyənin ən yaxşı komandasına qarşı "Qarabağ"ın adı üçün oynayacağıq".
Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyununa saat 20:00-da start veriləcək. Görüşdən əldə olunacaq bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.