“Qarabağ”ın prezidenti Tahir Gözəl “Qalatasaray”la Bakıda keçirilən xeyriyyə oyunu ilə bağlı fikirlərini bildirib. Corner.az xəbər verir ki, Ağdam təmsilçisi rəsmi tvitter səhifəsi vasitəsilə klub rəhbərinin fikirlərini təqdim edib.
Tahir Gözəl iki komanda arasında daha bir qarşılaşmanın baş tutmasına ümid etdiyini vurğulayıb:
“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və xanımı Mehriban xanım Əliyevanın şərəfləndirdiyi qardaşlıq matçında stadionumuzu dolduran 62 min 500 tamaşaçımızla Azərbaycan - Türkiyə qardaşlığını, həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirdik. Gəlirləri zəlzələdən əziyyət çəkmiş vətəndaşlara yardım olaraq göndərəcək təşkilatımızın acılarınızı bir az da olsa yüngülləşdirəcəyinə ümid edirik və dəvətimizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Azərbaycan və Türkiyənin iki görkəmli komandasının ən qısa zamanda yenidən bir araya gəlməsi arzusu ilə...”
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçirilən matçda “Qalatasaray” 2:1 hesablı qələbə qazanıb. Klub rəhbərləri Türkiyədə daha bir görüşün təşkili ilə bağlı razılıq əldə ediblər.