- Xəbər news
- 22:34 14.11.2024
Qərbi Azərbaycan İcması (QAİ) Avropa İttifaqının Ermənistandakı missiyanın rəhbəri Markus Ritterin qərəzli və həqiqətə uyğun olmayan bəyanatına cavab verib.
Bu barədə Corner.az-a İcmanın mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda bildirilib: “Avropa İttifaqının Ermənistandakı missiyanın rəhbəri Markus Ritter bu günlərdə bəyanat verərək Azərbaycanın Ermənistana xəyali hücumunun qarşısını almaqdan dəm vurub. M.Ritter bununla da tarixçəsi Azərbaycana qarşı hərbi təcavüz, işğal, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlərlə dolu olan və hazırda da Azərbaycanın ərazi bütövlüyünə qarşı əməllərini davam etdirən Ermənistanı qurban kimi, Ermənistanın bütün bu cinayətlərinin qurbanı olmuş Azərbaycanı isə mənfi ruhda verməyə cəhd edib.
Biz M.Ritterə xatırlatmaq istərdik ki, Avropa İttifaqının insan hüquqlarının müdafiəsi məqsədilə göndərdiyi missiyanın üzərinə Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı böyük və konkret vəzifə düşür. Onun missiyasının açıldığı sərhəd zonasında yerləşən yaşayış məskənlərinin demək olar ki, hamısı azərbaycanlıların yaşamış olduqları və etnik təmizləməyə məruz qaldıqları məkanlardır. Əminik ki, missiya o kəndlərdə dağıdılmış azərbaycanlı məzarlıqlarını və mədəni irsini hər gün görür.
Belə olan təqdirdə, missiya rəhbəri öz mandatına uyğun olaraq gözünün qarşısında olan insan hüquqları pozuntuları ilə məşğul olmaq əvəzinə iftira və təxribat xarakterli bəyanat verməsi təəssüf doğurur.
Biz missiyanı öz işi ilə məşğul olmağa və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə göndərdiyimiz məktubda istədiyimiz kimi, aşağıdakıları həyata keçirməyə çağırırıq:
- Ermənistana qayıdacaq qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışına töhfə vermək;
- Münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirinə dair məlumat toplamaq, o cümlədən, azərbaycanlıların mülkiyyətinin və mədəni irsinin vəziyyəti barədə hesabatlar hazırlamaq;
- Ermənistandan qovulmuş azərbaycanlılar üçün etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək, o cümlədən, onların öz evlərini, qəbiristanlıların, müqəddəs yerlərini və mədəni abidlərini ziyarət edə bilmələrinə şərait yaratmaq;
- İcma ilə birlikdə beynəlxalq humanitar hüquq, insan hüquqları, mülkilərin qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, o cümlədən, Qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 (2000) nömrəli qətnaməsinin, Gənclər, sülh və təhlükəsizlik mövzusunda 2250 (2015) nömrəli və Uşaqlar və Silahlı Münaqişələr mövzusunda 1612 (2005) nömrəli qətnaməsinin müddəalarına dair müvafiq proqramlar hazırlamaq və icra etmək.
Avropa İttifaqı, o cümlədən onun Ermənistandakı missiyası insan hüquqları sahəsində tərəfsiz və müfəssəl səyləri ilə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına hörməti təşviq etməli və bununla davamlı sülhün əldə olunmasına yardım etməlidir”.