- Xəbər news
- 22:34 14.11.2024
Məşhur futbolçular yüksək maaşları sayəsində dəbdəbəli həyatdan zövq alırlar. Dünyanın ən yüksək maaş alan idmançılarının həddindən artıq istehlaka və dəbdəbəli həyat tərzinə qapılması hallarına tez-tez rast gəlmək mümkündür. Amma belə bir şəraitdə hətta içkini belə yaxınına buraxmayan futbolçular da var. Ayıq bir həyat sürmək böyük qətiyyət tələb edir. Elə isə gəlin görək, dünya futbolunda belə qətiyyət nümayiş etdirən hansı ulduz futbolçular var?
Deklan Rays (“Vest Hem”)
Deklan Rays ömründə bir dəfə də olsun pivə içməyib. O, bunu açıqlamaqla ingilis pərəstişkarlarını heyrətə salıb. Rays 2021-ci ildə “TalkSport”a verdiyi müsahibədə həyatında heç vaxt pivə içmədiyini deyəndə, insanlar buna çox təəccüblənmişdilər. Futbolçu pivəni niyə xoşlamadığını da açıqlayıb: “Sadəcə onun qoxusunu sevmirəm, ona görə də heç vaxt yaxınlaşmadım”.
Ceyms Milner (“Liverpul”)
“Liverpul”un veteranı olan Milner İngiltərə Premyer Liqasının ən universal və çalışqan oyunçularından biridir. 37 yaşında o, hələ də əla oyunçudur və bu, bədəninə çox diqqət yetirməsi ilə bağlıdır. Çünki Milner spirtli içki qəbul etmir. O, pəhrizinə diqqət yetirir, mükəmməl vaxt təyin edir, hər ay daha yaxşı və güclü olmaq üçün qarşısına məqsəd qoyur, hər şeydə nizam-intizamlıdır”.
Qaret Beyl (“Los Anceles”)
Qaret Beyl karyerası boyu inanılmaz fiziki formada olub. Qabiliyyətlərinin zirvəsində o, planetin ən sürətli və atletik futbolçularından biri idi. O, hələ də əla görünür və bu, daha çox spirtli içki içməməsi ilə əlaqədardır, çünki onun dadını sevmir.
2011-ci ildə Beylə içməmək qərarı barədə soruşduqda, o, belə cavab verib: “Düzünü desəm, içki içməyi sevmirəm. Bu o demək deyil ki, mən spirtli içki içməməyi seçmişəm. Sadəcə, onun dadını bəyənmirəm. Əlbəttə, mən bunu sınamışam, sadəcə, xoşuma gəlmir”.
Harri Keyn (“Tottenhem”)
İngiltərə millisinin üzvü olan Keyn də spirtli içki qəbul etmir. O, hətta özü üçün xüsusi aşpaz tutub və bütün qidalarına diqqət yetirir. Hücumçu bütün bunları futbolçu karyerasının çox qısa olması ilə əsaslandırır.
Kristiano Ronaldo (“Əl-Nəsr”)
Ronaldo da karyerası boyu heyrətamiz fiziki formada olub. Heç kimə sirr deyil ki, əfsanəvi portuqaliyalı forvard pəhriz məsələsində çox seçicidir və spirtli içki qəbul etmir. Bəlkə də onun 38 yaşında belə planetin ən yaxşı idmançılarından biri olmağa davam etməsinin səbəblərindən biri də budur.
2019-cu ildə verdiyi müsahibədə Ronaldo Portuqaliya ilə 2016-cı ildə Avropa çempionatını qazandıqdan sonra bir az şampan içdiyini etiraf edib: “Bu, karyeramın ən vacib kuboku idi. Güldüm, ağladım, bir az sərxoş oldum. Bu oyun zamanı o qədər ağladım ki, susuz qaldım. Oyunun sonunda şənlik zamanı bir stəkan şampan içdim və dərhal təsirini hiss etdim. Heç vaxt içmirəm, amma o gün çox xüsusi idi”.
matc.az