Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan çempionatına təyinat almaya bilər. Corner.az yerli mətbuata istinadən xəbər verir ki, pley-off mərhələsinin görüşlərini elit kateqoriyalı hakimlərin idarə etməsi gözlənilir.
Liqa rəhbərliyi həlledici mərhələdə hakim səhvlərinin olmaması üçün bunun ən doğru addım olacağını düşünür. Hətta Yunanıstan hökumət nümayəndələrinin bununla bağlı UEFA prezidenti Aleksander Çeferinə müraciəti də nəzərdə tutulduğu bildirilir. Yunanlar UEFA-nın da razılığı ilə pley-offun bütün matçlarına elit kateqoriyalı hakimləri dəvət etməyə çalışırlar.
Qeyd edək ki, Əliyar Ağayev I kateqoriyaya malikdi. O, son olaraq Yunanıstan Kubokunun yarımfinal mərhələsinin “Olimpiakos”la AEK arasında keçirilən cavab görüşünü idarə etməli olsa da, Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən qarşılaşma təxirə salınıb.