Mövsümün sonunda "Mançester Siti"dən ayrılan Vensan Kompaninin "Anderlext"ə keçidi rəsmiləşib.
Corner.az Belçika klubunun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu doğma komandasına qayıdıb. O, Brüssel təmsilçisində oynayan məşqçi olacaq.
2003-2006-cı illərdə "Anderlext"in formasını geyinən Kompani sabiq komandasına qayıdışı ilə bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb: "Bir mövsümə digər 5 komandadan daha yaxşı olmalıyıq. Əminəm ki, bir neçə dəyişikliklə uğur qazana bilərik. Gözəl oyun və çempionluq uğrunda mübarizə arasında seçim etmək istəmirəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət götürmüşəm. Açıq deyim, bura ikinci olmaq üçün gəlməmişəm".
Kompani "Mançester Siti"də rəhbərliyi altında oynadığı Pep Qvardiola haqda da danışıb: "Qvardiola ilə iş təcrübəsi - bu, universitet kimi idi. Baş məşqçi hər şeyi çox dəqiqliklə izah edirdi. Ondan çox şey öyrəndim. Buna baxmayaraq, mən Qvardiola deyiləm. Ancaq düşünürəm ki, yaxşı tələbə olmuşam".