İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq. 90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi Rövşən Hüseynov ilə tanış edəcəyik.“Valideynlərim Qərbi Azərbaycanın Göyçə mahalında anadan olsalar da, mən Çarensavan şəhərində doğulmuşam. İlk dəfə idmanla məhz Çarensavanda məşğul olmağa başlamışam”.Bu sözləri Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin üzvü, ikiqat Avropa çempionu, dünya kubokunun sahibi Qərbi azərbaycanlı Rövşən Hüseynov deyib.Yeddi yaşında dostlarıyla hərgün boks məşqlərini etdiyindən danışaraq, o günləri xatırlayıb:“Bir müddət oynadıqdan sonra dostlarım boks dərnəyinə gedirdilər və mən tək qalıb darıxırdım. Buna görə, mən də boks bölməsinə yazıldım. Elə o vaxt atam mənim peşəkar idmançı olub, uğur qazanacağıma inanmadığını bildirmişdi. Altı ay idmanın boks növü ilə məşğul oldum, sonra üzgüçülüyə keçdim”. Rövşən Hüseynov deyir ki, üzgüçülüklə məşğul olduğu dönəmdə qardaşının güləş üzrə naliyyətlərini görürdü. Boks müəllimi ilə söhbətindən sonra boksa olan marağı yenidən oyanır və idmanın bu növü ilə məşğul olmağa davam edir. Rövşən Hüseynovun müəllimim erməni idi və bir gün onu doğma vətəninə yarışa aparacağını deyib. 1987-ci ildə Neftçalada boks üzrə ümumittifaq yarışı keçiriləndə Azərbaycana gəlib. Yarışda əsasən Bakı komandası ilə ünsiyyət qurub. Komandanın üzvləri ona hədiyyələr verib, Neftçalanı gəzdirib və dondurmaya qonaq ediblər. Daha sonra Rövşən Hüseynov Neftçaladakı yarışın qalibi olub. “1988-ci ilin yay tətilində mən Bakıya nənəmin yanına gəldim. Valideynlərim zəng edərək orada vəziyyətin yaxşı olmadığını, ermənilərin azərbaycanlılara qarşı təcavüz etdirdiklərini söylədilər, geri qayıtmamağı tapşırdılar. Əvvəllər yay tətilində Göyçə mahalının Ardanış kəndinə gedirdik. Çarensavan sənayə şəhəri olduğu üçün orada 6-7 azərbaycanlı ailəsi yaşayırdı”, - deyə R.Hüseynov əlavə edib.Uşaq olsa da, ermənilərin azərbaycanlılara qarşı kin və nifrətini həmişə xatırladığını bildirən R.Hüseynov deyirv ki: “Gecələr ermənilər azərbaycanlıların yaşadıqları evlərə hücum edirdilər, hamı qorxu içində yaşayırdı. Ailədə 4 uşaq idik və valideynlərim bizə görə çox narahat idi. Ermənilər bizə azərbaycanlı yox, türk deyirdilər. Daxilən bizə nifrət edirdilər. Rahatlığı ancaq Göyçəyə gedəndə tapırdıq. Çünki orada hamı qohum idi. Oranın təbiəti çox gözəl və ecazkardır. Erməni millətçiləri həmişə azərbaycanlılara qarşı təxribatlar törədiblər”.Azərbaycana deportasiyadan əvvəl atasının zavodda, anasının isə bağçada işlədiyini vurğulayan R.Hüseynov qeyd edib ki, Bakıda adaptasiya olunmaq, işsizlik problemi və yaşadığımız stres özünü göstərməyə başladı. Özümdə güc topladım və bir müddət keçəndən sonra “Dinamo” idman cəmiyyətində boks bölməsinə yazıldım. Həmin vaxtlarda Bakıda erməni və rus məşqçilər çoxluq təşkil edirdilər. Yerli məşqçilər az idi. Rauf Cabbarovun bölməsinə düşməyim yeni uğurlarımın başlanğıcı oldu. Onun bölməsində məşq etməyimin əsas səbəbkarı isə Neftçaladakı yarışda tanış olduğum bakılı dostlarım idi. R.Cabbarov çox peşəkar məşqçi olmaqla yanaşı, uzun müddət milli komandaya baş məşqçilik etmişdi. Ölkə daxilində bir neçə yarışda gücümü sinadım və mükafatçılar sırasında yer aldım. İldə iki-üç dəfə Ukraynanın paytaxtı Kiyevdə təlim-məşq toplanışında iştirak edirdim. Oradakı hazırlıq prosesində çox püxtələşdim və SSRİ birinciliyinin qalibi oldum. 1990-1992-ci illərdə ardıcıl SSRİ çempionu oldum. O dövrdə Azərbaycan boks tarixində hələ ki, nə Avropa, nə də dünya çempionu tituluna heç kim yiyələnməmişdi. ABF-nin ovaxtkı prezidenti Ağacan Abıyev məni beynəlxalq turnirlərə göndərməyə başladı. Yeniyetmə yaşımda gənclər, gənc yaşımda böyüklər kateqoriyasından olan boksçularla mübarizə aparırdım. 16-17 yaşımda böyüklər kateqoriyasında çıxış edən Avropa, dünya çempionu və Olimpiya mükafatçılarını məğlub edirdim.“1993-cü ildə Türkiyə Boks Federasiyası müqavilə ilə məni heyətinə qatmaq istəyirdi. Türk məşqçilər heyəti mənim döyüşlərimi bəyənmişdi. Türkiyəni təmsil etmək təklif olunmuşdu. Söz verdim ki, gəlirəm. Sevincək bu xəbəri atama çatdıranda eşitdiklərim və içimdə olan inam həyatımda yeni səhifə açdı. Atam mənə dedi: “Oğlum, görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəlib. Hər şey yaxşı olacaq. Getmə”. Həqiqətən də ölkəmizdə uğurlu idman siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyuldu. Bunun nəticəsidir ki, hazırda idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar. 1993-cü ildə Avropa çempionatına Bursa ev sahibliyi edirdi. Həmin çempionata çox çətinliklə də olsa yollandıq. Gözümü yumub açdım və artıq Avropa çempionu adını qazanmışdım. Hamı kimi, mən də inanmırdım. Həmin vaxt 51 kiloqram çəki dərəcəsində çıxış edirdim. Mən Azərbaycan boks tarixində ilk Avropa çempionu olmaqla yanaşı, 1988-ci il hadisələrindən sonra bu ada yiyələnən birinci Qərbi azərbaycanlı idim”, - deyə R.Hüseynov əlavə edib.O, dövlətimizin başçısı İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı səsləndirdirdiyi fikirlərin hər birimiz üçün böyük əhəmiyyət daşıdığını bildirərək deyib ki, səmimi görüşdə çox gözəl fikirlər səsləndirildi. Anam və digər qohumlarım səbirsizliklə oraya dönəcəkləri günü gözləyirlər. 44 günlük müharibədə qazandığımız Zəfərdən sonra Prezident İlham Əliyev son 200 ildə düşməndən torpaqlarını azad edən şəxsiyyət kimi tarixə düşdü."Biz inanırıq ki, məhz dövlətimizin başçısının rəhbərliyi ilə biz dədə-baba torpaqlarımıza geri dönəcəyik. Göyçəyə gedəcəyim halda əvvəlcə baba-nənəmin evini, sonra isə məzarlarını ziyarət edəcəyəm".