Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin ilk beş ayı ərzində milli çempionatlarda ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb.
Corner.az xəbər verir ki, Braziliyanın “Fluminense” klubunda çıxış edən argentinalı German Kano 18 qolla birinci pillədəki mövqeyini qoruyub.
Ancaq almaniyalı Dominik Stolts artıq ona çatıb. Stolts Lüksemburq klubu “Hesperange”nin heyətində 18 dəfə fərqlənib.
6 futbolçu bu il aktivinə 17 top yazdırıb. Onlar arasında “Qalatasaray”la Türkiyə çempionu olan Mauro İkardi də var. Yalnız çempionatın reytinqinə görə, ingiltərəli Harri Keyn üçüncü sırada qərarlaşıb.
Siyahıya daxili birincilikdə 14 və daha çox qol vuran 46 futbolçu düşüb. Azərbaycan Premyer Liqasından heç kim bu saya çata bilməyib. Azərbaycanda 2023-cü ilin ən məhsuldar futbolçusu “Qarabağ”ın hücumçusu Musa Qurbanlı olub. O bu il aktivinə 9 qol yazdırıb.