- Xəbər news
- 13:21 04.12.2023
İyunun 9-da Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı ilə ölkənin aparıcı biznes qurumları ilə görüş keçirilib.
Corner.az xəbər verir ki, görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İşğaldan azad olunmuş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təşkili və digər mədəniyyət müəssisələrinin yenidən bərpası üzrə işçi qrupunun rəhbəri Nərgiz Abdullayeva, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev, ölkənin aparıcı biznes qurumlarının rəhbər şəxsləri və nümayəndələri, telekanal rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Qarabağa investisiya qoyuluşunun potensialının, perspektivli istiqamətlərinin təşviqi, potensial investorlardan təkliflərin toplanması, təhlili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı əsasında yaradılan QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərin bərpasında ölkənin aparıcı biznes qurumlarının rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, bu sahədə biznes qurumlarının əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi bərpa prosesini sürətləndirə bilər. “Ümumilikdə Qarabağ regionunda infrastrukturun yenidən qurulması, eləcə də biznes potensialının reallaşdırılması istiqamətində aparılan işlərə özəl sektorun və xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun prosesdə iştirakı dövlət investisiya xərclərinin azaldılması, habelə alternativ və şaxələndirilmiş maliyyələşmə mexanizmləri vasitəsilə yerli və xarici sərmayələrin cəlb edilməsi baxımından faydalı ola bilər”, - deyə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri vurğulayıb.
İşğaldan azad olunan ərazilərdə Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihələrdən danışan Rəhman Hacıyev Füzuli Mərkəzi Parkı haqqında geniş məlumat verib. Qeyd edib ki, Parkın konsept-layihəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Füzuli sakinlərinin, həm də şəhərin qonaqlarının istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.
İdarə Heyətinin sədri parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübədən istifadə olunduğunu xüsusi vurğulayıb.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Qarabağa investisiya qoyuluşunun potensialının, perspektivli istiqamətlərinin təşviqi ətrafında çıxış edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İşğaldan azad olunmuş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təşkili və digər mədəniyyət müəssisələrinin yenidən bərpası üzrə işçi qrupunun rəhbəri Nərgiz Abdullayeva Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpası istiqamətdə görülən işlərdən danışıb.
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya Şöbəsinin müdiri Pərvin Bağırova təqdimatla çıxış edərək tədbir iştirakçılarına “Qarabağ Gecəsi” xeyriyyə konserti haqqında geniş məlumat verib. Qeyd edib ki, 2023-cü il iyunun 17-də Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ Gecəsi” adlı xeyriyyə konserti keçiriləcək. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
P.Bağırova arzu edən hər kəsi bilet əldə edərək həm möhtəşəm “Qarabağ Gecəsi”nin iştirakçısı olmağa, həm də Qarabağın bərpasına dəstək verməyə çağırıb.
Sonra Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən donorlara Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən “İanə sertifikatı” təqdim olunub.