17 iyul 2024. Çərşənbə

Ceyhun Sultanov: "Artıq çempionatımızda kimsə digərindən beş dəfə üstün deyil"


Ceyhun Sultanov: "Artıq çempionatımızda kimsə digərindən beş dəfə üstün deyil"

"Açıq danışacağam, bu gün əvvəlki çempionat deyil ki, kimsə digərindən beş dəfə üstün olsun".

90deqiqe.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov Premyer Liqanın ilk beş turunda qeydə alınan nəticələrlə bağlı danışarkən deyib.

Hazırda menecer kimi fəaliyyət göstərən 44 yaşlı sabiq yarımmüdafiəçi 3-4 komandanın səviyyəsinin digərlərindən bir az yüksək olduğunu bildirib: "Bu isə rəqibləri rahat üstələmək üçün yetərli deyil. Çempionatın startından əvvəl bilirdik ki, komandaların keyfiyyəti qalxıb və hamısı heyətini gücləndirməyə çalışır. Hətta mövsümün maraqlı və baxımlı olacağını da təxmin edirdik".

Sultanov Premyer Liqa oyunlarında qeydə alınan bəzi nəticələrin sensasiya adlandırılması fikri ilə razılaşmayıb: "Mən belə düşünmürəm. Məsələn, dünən "Qarabağ" səfərdə "Səbail"ə 1:2 hesabı ilə məğlub oldu. Çoxları deyir ki, son ölkə çempionu zəifləyib. Xeyr, belə deyil. Sadəcə, digər klublarımız da güclənib. Bu səbəbdən belə nəticələrə sensasiya demirəm. Hamımız şahidi olmuşuq ki, "Qarabağ" əvvəlki çempionatlarda 5 tur ərzində bu qədər xal itirmirdi. Hazırda isə bu, artıq reallıqdır".

Sabiq futbolçu maya qədər çox maraqlı qarşılaşmaların olacağını vurğulayıb: "Demək olar ki, hər komandada yaxşı oyunçular var. Qarşıda bizi maraqlı mövsüm gözləyir".

Qeyd edək ki, ilk 5 turdan sonra "Zirə" 12 xalla liderdir. İkinci sıradakı "Turan Tovuz"un 9, üçüncü pillədə qərarlaşan "Neftçi"nin 8 xalı var. 7 xala malik "Sumqayıt", "Qarabağ", "Səbail" və "Araz-Naxçıvan" 4-7-ci mövqeləri bölüşdürürlər. "Sabah" və "Qəbələ" 4 xalla 8-9-cu, 3 xalı olan "Qəbələ" isə 10-cu yerdədir.







Xəbər news