- Xəbər news
- 22:34 14.11.2024
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən 90deqiqe.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
İdmançıları salamlayan nazir beynəlxalq arenalarda qazanılan uğurlara görə onları təbrik edib və yeni nailiyyətlər arzulayıb. Daha sonra əldə edilmiş uğurları əks etdirən videoçarx nümayiş olunub.
MMA, kəmər güləşi, sambo, çimərlik voleybolu, tamblinq, aerobika gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, uşu, parataekvondo, para-atıcılıq, paracüdo, sumo, şahmat, kapoeyra, taekvondo, muaytay, karate növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.