- Xəbər news
- 22:34 14.11.2024
90deqiqe.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Firdovsi Umudov Bakıda keçirilən hərbçilər arasında güləş üzrə dünya çempionatı ilə bağlı danışıb. Açıqlamanı təqdim edirik:
“Ölkəmizdə ilk dəfə deyil ki, bu səviyyədə yarış keçirilir. Bütün dünyaya bir daha sübut olundu ki, Azərbaycan yüksək səviyyədə təşkilatçılıq bacarığına malikdir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idmançılara daim diqqət və qayğı göstərilir. Hərbçilər arasında keçirilən dünya çempionatında da bunu bir daha hiss etdik. Gənclər və İdman Nazirliyi tərəfindən də bizə böyük dəstək göstərildi. Başda Fərid Qayıbov olmaqla, nazirliyin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede də yüksək səviyyədə təşkilatçılığa görə bizi mükafatlandırdı. Söz vermişdik ki, Qarabağda qazandığımız zəfərin davamını dünya çempionatında gətirəcəyik. Sözümüzün üstündə durduq, hərb meydanındakı uğuru idman yarışlarında da davam etdirdik. Komandaların hazırlığına, idmançıların seçilməsinə, məşq proseslərinə və digər məsələlərə mən nəzarət edirdim. Ümumiyyətlə, dünya çempionatında zəif rəqib olmur. Hər zaman ən yüksək nəticəni hədəfləmək lazımdır. Bura kifayət qədər tanınmış idmançılar gəlmişdilər. Sərbəst güləş millimiz 5 qızıl, 1 gümüş, 1 bürünc medalla komanda hesabında birinci yeri tutdu. Yunan-Roma güləşi yığmamız da eyni sayda medallar qazandı. Həm yunan-Roma, həm də qadınlardan ibarət güləş millimiz ikinci yerdə qərarlaşdı. Bir sözlə, dünya çempionatında hədəfimizə çatdıq. Qalib ordunun idmançıları kimi çıxış edirdik və bunun məsuliyyətini başa düşürdük”.